“Meta” Trampın andiçmə fonduna 1 milyon dollar bağışladı
Mark Zukerberqin təsis etdiyi “Meta” şirkəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşr yazıb ki, ianə həm də Trampın seçkiqabağı kampaniyasından sonra edilib. Belə addımın Zukerberq və “Meta”nın əvvəlki təcrübəsinə uyğun gəlmədiyinə diqqət cəlb olunub. Çünki Zukerberq və “Meta” şirkəti 2017-ci ildə Trampın fonduna, 2021-ci ildə ABŞ-nin hazırkı prezidenti Co Baydenin fonduna vəsait ayırmayıb.
Qeyd edilib ki, seçkiqabağı kampaniyanın gedişində Tramp seçkiyə təsir göstərməyə çalışacağı təqdirdə Zukerberqi həbslə hədələyirdi. Bu, Konqresin hər iki palatasının yeni texnologiyanın tənzimlənməsi ilə bağlı çağırışları fonunda baş vermişdi.
Lakin seçkilərdə qalib gəldikdən sonra Tramp özünün Mar-a-Laqodakı iqamətgahında Zukerberqlə nahar etdi.
WSJ mənbələrə istinadən yazır ki, bu, “Meta” rəhbərinin müşavirləri ilə yeni seçilmiş prezidentin komandası arasında iki günlük görüşüş nəticəsində baş verdi. Mənbələr bildiriblər ki, nahardan əvvəl Zukerberq Trampa “Ray-Ban Meta” “ağıllı” eynəklərini göstərdi və hədiyyə etdi.
WSJ seçki kampaniyalarının federal maliyyə hesabatlarına istinadən yazır ki, Zukerberq bu illər ərzində hər iki partiyanın konqresə namizədlərini dəstəkləyib və əsasən prezidentlik kampaniyalarında iştirak etməyib.
Trampın ilk prezidentlik dövründə Zukerberq onunla əlaqə saxlayırdı. Lakin Bayden seçkidə qalib gəldikdən, xüsusilə də Tramp tərəfdarlarının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum etməsindən sonra eks-prezident “Facebook”da postlar dərc etmək imkanından məhrum edildi. Tramp noyabrın 5-də baş tutan prezident seçkilərində qalib gəldikdən sonra Zukerberq onu sosial şəbəkələrdə təbrik etdi və “birgə işləməyi səbirsizliklə gözlədiyini” bildirdi.
Xatirə SADİQ