Miqrant övladları pulsuz təhsildən məhrum olunacaq – Rusiyada
Rusiya miqrantların uşaqları üçün məktəblərdə pulsuz təhsili qadağan etməyə hazırlaşır.
SAVASHMEDİA.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, artıq bununla bağlı qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunub.
Sənəddə əcnəbi vətəndaşların övladlarının yaşından və sinfindən asılı olmayaraq ödənişli əsaslarla təhsil almaları təklif edilir. Bundan əlavə, qanun layihəsi məktəbə qəbul zamanı miqrantların uşaqları üçün rus dili sınağından keçmək cəhdlərinin sayını üç dəfə ilə məhdudlaşdırır.
Məlum olub ki, “Təhsil haqqında” qanunun 78-ci maddəsinə dəyişiklik layihəsini Yaroslav Nilov, Yana Lantratova və Nina Ostanina daxil olmaqla, fraksiyalararası deputat qrupu təqdim edib.
Müəlliflər izahat qeydində Daxili İşlər Nazirliyinin statistikasına istinad ediblər. Bu statistikaya əsasən Rusiyada 638 mindən çox azyaşlı miqrant var. Təxminən 181 min miqrantın övladı rus məktəblərində təhsil alır və onlar “rus dilini və məktəb kurrikulumini mənimsəməkdə çətinlik çəkirlər ki, bu da fərdi yanaşma tələb edir”. Deputatlar onu da vurğulayıblar ki, miqrant uşaqların sayının artması səbəbindən məktəblərdə yerlər çatışmır və müəllimlərin dərs yükü artır.
“Kommersant” xatırladıb ki, Yaroslav Nilov avqustun əvvəlində müvafiq düzəlişlərin hazırlanması barədə məlumat verib. Deputatın açıqlamalarından sonra Təhsil Nazirliyi bu təşəbbüsün əleyhinə çıxış edib.
Təhsil Nazirliyinin ümumi təhsil siyasəti departamentinin direktoru Aleksandr Reut bildirib ki, xarici vətəndaşların uşaqlarının məktəblərdə pulsuz təhsil almasına qoyulan qadağa Rusiya Federasiyasının Konstitusiyasına ziddir.
Qeyd edək ki, Azərbycanda 340 orta məktəbdə rus bölməsi mövcuddur və bu məktəblər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Azərbaycan ictimaiyyəti tamamilə haqlı olaraq bunun əleyhinə çıxış edir və dövlət büdcəsinin bu yükdən azad olunmasını, həmin məktəblərin özəl əsaslarla fəaliyyət göstərməsini tələb edir.
Xatirə SADİQ