“Moskva təfərrüatları gözləyir” - Dmitri Peskov

“Amerika və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların yekunları üzrə qəbul edilmiş təkliflər barədə ABŞ-nin təfərrüatları açıqlamasını gözləyirik”. 

Mar 12, 2025 - 14:17
“Moskva təfərrüatları gözləyir” - Dmitri Peskov

SAVASHMEDİA.az “RBC” telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, ABŞ və Ukrayna arasında aparılan danışıqlardan sonra verilən bəyanatları Kreml diqqətlə araşdırır. “Biz həmçinin istisna etmirik ki, ən yüksək səviyyədə telefon danışığı mövzusu yarana bilər. Əgər belə bir ehtiyac yaranarsa, o çox tez təşkil olunacaq. Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir”, - deyə Peskov əlavə edib.

30 günlük atəşkəs təklifinin Rusiyaya sərfəli olub-olmadığı sualına cavab verən Peskov bu məsələni qabaqlamamağa çağırıb. Moskvanın öncə Vaşinqtondan məlumat almalı olduğunu bir daha diqqətə çatdırıb.

O xatırladıb ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin müşaviri Mayk Uolts danışıqların təfərrüatlarını Rusiyaya ötürməyi vəd ediblər: “Bizim də bu günlərdə amerikalılarla planlaşdırılan təmaslarımız var, onların gedişində tam məlumat alacağımızı nəzərdə tuturuq”. 

Peskov deyib ki, prezidentlər Donald Tramp və Vladimir Putin arasında telefon danışığı ilə bağlı hələlik razılaşma, eləcə də ABŞ tərəfindən müraciət yoxdur. 

Nadir torpaq metallarının işlənməsi sahəsində ABŞ ilə əməkdaşlığa dair sualı cavablandıran Peskov bildirib ki, belə imkanlar mövcuddur, lakin hələlik bu barədə müzakirə aparılmır.

Xatirə SADİQ