Mourinyo Ardanı buna görə gözümçıxdıya salıbmış - "Mbappedən qorxur deyə..."

Madrid “Real”ının “Real Betis” məğlubiyyətindən sonra Arda Gülərin oyundan çıxarılması İspaniyada müzakirə mövzusuna çevrilib.

Sep 10, 2026 - 14:10
Mourinyo Ardanı buna görə gözümçıxdıya salıbmış - "Mbappedən qorxur deyə..."

SAVASHMEDİA.az xəbər verir ki, “Mundo Deportivo”nun yazarı Xavier Boş baş məşqçi Joze Mourinyonun Arda Gülərlə bağlı qərarını sərt tənqid edib.

Jurnalist bildirib ki, Mourinyo Ardaya heç vaxt ədalətli davranmır. Arda yaxşı oynasa belə, onu meydandan çıxarır. X.Boş Mourinyonun davranışının səbəbini də açıqlayıb.

Jurnalistə görə, bu, Mourinyonun Kilian Mbappe və Vinisius JR-u narazı salmamaq cəhdidir. Buna görə də, Mourinyo Mbappe və Vinisiusdan çəkindiyi üçün onların xətalarının cəzasını Arda Gülərə kəsir.

X.Boş qeyd edib ki,  Arda “Betis”lə oyunda “Real”ın ən məhsuldar futbolçularından biri olub. Buna baxmayaraq, hesab 0:0 olarkən Mourinyo onu əvəzləyib:

“Mbappe və Vinisius toxunulmaz olduğu üçün məsuliyyət yenə də Ardanın üzərinə düşdü. Oyuna Diomande daxil oldu, lakin “Real” özünü toplaya bilmədi. Əksinə, komanda Ardanın oyun zəkasını itirdi”.

İspan jurnalist “Espanyol”la oyunda da oxşar vəziyyətin yaşandığını bildirib. Arda oyunun ən yaxşısı olsa da, Mourinyo yenə ədalətli qərar verməyib. Nəticədə, ehtiyat oyunçular skamyasına gedən Arda olub.

Jurnalist Mourinyonun Ardanı gözümçıxdıya salmasının bir səbəbini də Ardanın gənc və etiraz etməyən futbolçu olması ilə əlaqələndirib. 

“Ardanın yaxşı oynadığı halda davamlı oyundan çıxarılması gələcəkdə “Real Madrid” üçün problem yaradacaq. Bundan da ən çox “Barselona” qazanclı çıxacaq”, - jurnalist vurğulayıb.

Banu