Müşaviri Trampı bu uğura şərik etmək istədi
“Co Bayden administrasiyasının vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması Donald Trampın qələbəsi sayəsində əldə edilib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolts “X” platformasında yazıb.
Volts iddia edib ki, prezident Trampa görə hər kəs danışıqlar masası arxasına oturur.
“Onun parlaq qələbəsi dünyanın qalan hissəsinə xaosa dözülməyəcəyinə dair aydın siqnal verdi. Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində konkret addımların atılmasına şadam”, - deyə Mayk Uolts bildirib.
Bununla belə, o əlavə edib ki, regionda baş verən xaos və terrorun əsas səbəbi İran rejimidir. “O (İran – red) terrorizmi dəstəklədikcə, biz status-kvo ilə barışmayacağıq”, - deyə gələcək müşavir əlavə edib.
Bu arada Bayden administrasiyası bildirib ki, yeni seçilmiş prezident Donald Trampın administrasiyasına İsrail və “Hizbullah” arasında atəşkəs əldə etmək səyləri barədə məlumat verilib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden noyabrın 26-da İsrail və Livanın “Hizbullah” silahlı qruplaşması arasında çərşənbə gecəsi qüvvəyə minən atəşkəs razılaşması əldə etdiyini açıqlayıb.
Xatirə SADİQ