Müxalifət prezidentin iqamətgahını tutmağa hazırlaşır - Salomeni qoruyacaqlar
Müxalifətin bir hissəsi Gürcüstan prezidentinin iqamətgahını tutmağa və səlahiyyət müddəti bitdikdən sonra Salome Zurabişvili ilə birlikdə orada qalmağa hazırdır.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri olan Anna Dolidze müxalifətin Zurabişvili ilə görüşündən sonra jurnalistlərə bildirib.
“Mən Gürcüstan prezidentinə müstəqillik uğrunda mübarizədə tam dəstək təklif etdim. Biz dekabrın 29-dan sonra da sarayda (prezident iqamətgahı - red.) qalmağa və onu Gürcüstanın qanuni prezidentinin yerləşəcəyi yeganə yer elan etməyə hazırıq. Bu, bizim təkliflərimizdən biridir, ədalətli, qanuni və zorakılıqdan uzaq olacaq dəstək formalarından biridir”, - Dolidze bildirib.
“Dəyişikliklər Uğrunda Koalisiya”nın lideri Nika Qvaramiya bildirib ki, onlar bu təklifi dəstəkləyiblər: “Prezidentin dəstəyi geniş olacaq”.
Bundan öncə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, prezident iqamətgahını tərk etməyəcəyi təqdirdə ona qarşı cinayət işi açılacaq.
Bu arada İsveçin keçmiş baş naziri, Avropa Xarici Əlaqələr Şurasının (ECFR) həmsədri Karl Bildt Qərbi Gürcüstandakı hadisələrə münasibətini müəyyən etməyə çağırıb.
“Tiflisdə və Gürcüstanın digər yerlərində kütləvi etirazlar davam edir. Dekabrın 29-dan sonra vəziyyət kulminasiya nöqtəsinə çatacaq. Onda Avropa İttifaqı və digərləri də kimi Gürcüstanın qanuni prezidenti hesab etdiklərinə qərar verməli olacaqlar”, - deyə Bildt “X” sosial şəbəkəsində yazıb.
Xatirə SADİQ