NATO baş katibindən Trampa Ukrayna xəbərdarlığı
“Ukrayna Rusiya üçün əlverişli şərtlərlə sülh sazişi imzalamağa sövq edilərsə, Çin, İran və Şimali Koreyadan dəhşətli təhlükə yaranacaq”.
SAVASHMEDIA.az xəbər verir ki, “Financial Times” nəşrinə müsahibəsində NATO-nun baş katibi Mark Rutte ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı belə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ABŞ-nin düşmənləri arasında əlaqələrin dərinləşməsi Amerikanı risk altında qoyur.
Baş Katib yeni seçilmiş prezidenti NATO-da qalmağa və Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb. O, həm də amerikalı prezidentə Rusiyanın Şimali Koreyaya raket texnologiyası və İrana nağd pul verməsi ilə bağlı risklərdən danışıb.
“İran, məsələn, raketlər, eləcə də pilotsuz təyyarələr texnologiyası müqabilində Rusiyadan pul alır. Bu pullar “Hizbullah” və “HƏMAS”a dəstək, eləcə də regiondan kənarda münaqişəni idarə etmək üçün istifadə olunur”, - NATO-nun baş katibi bildirib.
O, əlavə edib ki, Çin lideri Si Cinpin (Ukrayna üçün) yaxşı bir razılaşma olmasa, gələcəkdə başqa bir şey düşünə bilər. Bununla baş katib, görünür, Pekinin Tayvana qarşı mümkün güc tətbiqinə işarə edib.
“Biz Ukraynanı qane etməyən razılığa gəldikləri üçün Şimali Koreya lideri Kim Çen In və Rusiya liderinin, Si Cinpin və İranın sevinmələrinə yol verə bilmərik. Çünki bu, uzunmüddətli perspektivdə yalnız Avropanın deyil, həm də ABŞ-nin təhlükəsizliyi üçün ciddi təhdid olacaq”, - Rutte bildirib.
NATO-nun baş katibi həmçinin potensial sülh danışıqlarından əvvəl Ukraynanın hərbi cəhətdən gücləndirilməsinin vacibliyini qeyd edib.
“Hazırda ən vacib şey, Zelenski sülh danışıqlarına başlamaq qərarına gəldikdə, onun bunu güclü mövqedən edə biləcəyinə əmin olmaqdır. Mənim üçün bu, indi bir nömrəli prioritetdir”, - Rutte vurğulayıb.
Xatırladaq ki, Tramp və Rutte noyabrın 22-də Palm-Biçdə görüşərək, qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xatirə SADİQ