Navalnının vəkillərinə “Qanunun aliliyi” mükafatı verildi
Rusiya həbsxanasında dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnının keçmiş vəkilləri Olqa Mixaylova, Vadim Kobzev və Aleksey Liptser beynəlxalq “Qanunun aliliyi” mükafatına layiq görülüblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdə YUNESKO-nun binasında 97 ölkədən olan vəkillərin iştirakı ilə baş tutub. Təntənəli mərasimə yalnız Olqa Mixaylova qatıla bilib, çünki Kobzev və Liptser Rusiyadakı istintaq təcridxanasındadırlar.
“Beynəlxalq Vəkillər İttifaqı”nın təqdim etdiyi mükafat Navalnının vəkillərinə son dərəcə çətin şəraitdə, şəxsi və peşəkar həyatda risklərə və əhəmiyyətli qurbanlara baxmayaraq, insan hüquqlarının və qanunun aliliyinin qorunmasına güclü və ardıcıl sadiqliyə görə verilib.
“Bu mükafat bizim hamımıza xatırladır ki, hüquqşünasın cəmiyyətdəki rolu, xüsusən də Rusiyada ədliyyə sisteminin təzyiq altında olduğu və qanunun aliliyinə hörmət olunmayan şəraitdə, həmişə mühümdür. Bizə, rusiyalı hüquqşünaslara göstərilən həmrəyliyə görə sizə çox minnətdaram. Hesab edirəm ki, bu cür mükafatlar bütün dünyadakı vəkilləri öz müvəkkillərinin və ədalətin, qanunun və demokratik dəyərlərin müdafiəsinə qalxmaqdan qorxmamağa ruhlandırır”, - deyə Olqa Mixaylova çıxışında bildirib.
Xatırladaq ki, Navalnının keçmiş vəkilləri Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin 2023-cü ilin oktyabrından həbsdədir. Onlar “ekstremist icmada” iştirakda ittiham olunurlar. Olqa Mixaylova qiyabi həbs edilib.
İstintaq hesab edir ki, Navalnının vəkilləri öz statuslarından istifadə edərək, siyasətçinin həbsxanadan məktublarını onun məsləkdaşlarına ötürüblər. Onlar belə yolla ekstremist icmanın liderləri və iştirakçıları arasında müntəzəm məlumat mübadiləsini təmin ediblər.
2021-ci ilin iyununda Rusiya hakimiyyəti Aleksey Navalnının strukturlarını, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Fondunu “ekstremist icma” elan edib.
May ayında məlum olub ki, vəkil İqor Serqunin günahını etiraf edib və iş üzrə ifadə verib. 2024-cü ilin sentyabrında Vladimir vilayətinin Petuşinski Rayon Məhkəməsi vəkillərin cinayət işinə mahiyyəti üzrə baxmağa başladı. Məhkəmə iclasları qapalı rejimdə keçirilir.
Xatirə SADİQ