Yasa gəlmişik - Şounuz pulla dolsun!
Tanışım xahiş etdi ki, qızını qarşılayıb qohumugilə aparım. Qız uşaq deyildi, işləyirdi. Amma təhsilini başqa yerdə almışdı və Bakını tanımırdı.
Qarşıladıq, evə gətirdik. Bir gün qonaq saxladıq. Gələn kimi, çantasından 3 video kaseti çıxarıb ürək açıqlığı ilə təklif etdi ki, baxım. Qardaşı təzə evlənmişdi və bu, onun toy kasetleri idi. Hərəsinin üzərində 180 dəqiqə yazılmışdı. 3 kaset, hərəsi 3 saat. Buna nəinki səbir, həm də ömür lazımdır...
Zarafatla:
– Görmüşəm, - deyə söylədim.
– Axı siz toyda olmamışdınız...
– Video restoranın xarici görünüşü ilə başlayır. Sonra onun ünvanı, digər rekvizitləri yazılır. Yavaş-yavaş qonaqlar toplaşırlar. Süfrələr göstərilir. Limonad, mineral sular, qəlyanaltılar... Elədir?
– Bəli.
Qonaq özünü itirmişdi.
– Nəhayət, bəylə gəlin buyururlar. Kameralar onları müxtəlif rakurslardan çəkir...
Nə isə, bir az da uzatsam, oxucunun zəhləsini tökərəm, məni öz evinə qonaq aparmaz. Tamaşa etməkdən imtinanın səbəbi isə sadə idi: tanımadığım adamların yeyib-içməyini görmək, sərxoşların əyri rəqslərinə baxmaq, alkotostlar dinləmək, bununla da zövqümü zədələmək istəmirdim.
Amma bunu istəyən çoxdur. Onlar üçün milli televiziya kanallarında xüsusi verilişlər də var. “Canın çıxsın, zövqüm!” şüarı altında. “Bundan yemişik”, “Ordan içmişik”, “Çora gəlmişik”...
Belə serialda çəkilməkdən çox, ona tamaşa etmək qəbahətdir. Xeyrini güdənlər də var. Video qrupu yaxşı pul qazanır. Axı peşəkar televiziyaçıdırlar. Toy sahibləri isə öz şan-şöhrət həvəsini razı salırlar. Zarafat deyil, oğlunun (qızının) toyu televiziya kanalı vasitəsilə bütün məmləkətə yayımlanır. Kaset, disk gəzdirmək də lazım deyil. Verilişin vaxtını hamıya mesajla xəbər ver, dost-tanış öz evində, divanında əyləşib baxsın. Hətta toyda iştirak edənlər də bir daha baxıb “dekolte Sənubər”in öz bədənini dingildətməyindən, “dəmkeş Mustafa”nın rəqs zamanı gülünc əyilməyindən ləzzət alırlar.
Qəribə çıxsa da, əvvəllər şan-şöhrət üçün sino gedənlər toy sahibləri yox, ölü yiyələri idi. Toy tezliklə unudulur. İllər keçdikcə kasetlerə daha baxılmır. Kompyuterdə daxili və xarici yaddaşları uşaqların əyləncəli videoları tutur. Amma qəbiristanlıqdakı abidələr və qranit üzərinə həkk olunmuş portret qalereyaları isə əzəmətli və sanki əbədidir. Bir toya ikinci dəfə gedə bilməzsən, amma bir qəbiristanlığa öz xoşunla dəfələrlə gedirsən. Son dəfə camaat başı üzərində aparır. Nəzərə alsaq ki, qəbirüstü abidələri maddi imkanı olan dirilər öz yanlış şöhrəti naminə qoydururlar, “Yasa gəlmişik” şousu da telekanallara yağlı qazanc gətirər.
Nəhayət, teletranslyasiya evlənənlərin ailə xoşbəxtliyinə təminat vermir. Təmtəraqla köçən gəlin vay-vayla ata evinə qayıda bilər. Amma qəbiristanlıqdan qayıdan hələ olmayıb. Kefli İsgəndər demişkən...
A.ƏZİZ