Ən zəif bənd
Amerika nə yeyir? “Koka” ya “Pepsi” içir? Çöldə necə işləyir, əti hardan dişləyir?
İtlər nə üçün hürür, bəs at niyə kişnəyir? Bu və beş dəfə artıq əcaib sual dünyanın azı 70 ölkəsinin nadinc əhalisini möhkəm maraqlandırır. Adamları bu marağa görə mədəni surətdə cəzalandırmaqdan ötrü rəy sorğusu keçirdik.
Səhərin gözü açılmamış ABŞ-nın 70 ştatının hamısında hər bir yoldan keçənə, barda viski içənə ağzımıza gələn sualları verdik. Sorğunu məhəlləmizdəki tamamilə orta məktəbin ibtidai 11-ci sinfinin 3 nəfər ikiilçi şagirdi məktəb avtobusunun açıq pəncərəsindən apardı. Cəmi 2 qol saatından sonra cavablar Bakıdakı Günəşsiz qəsəbəsində divar qəzeti redaksiyamızın nahar masasının üstündə idi.
Sorğunun düzgünlüyünə şübhə etməyə haqqımız çatmır: bu uşaqlar bizi heç vaxt aldatmayıblar. Aldada bilməzdilər, çünki onlar yazı taxtasının qarşısında cavab verməyiblər. Axı sinifdə yazı taxtası yoxdur. Məktəb direktoru taxta üçün pul yığarkən, məhz bu üç şagirdin valideynləri krısalıq etmişdilər. Hələ də bilməyənlər üçün dəyərli məlumat: krısa – düşüncəli ev heyvanıdır, məktəbi yox, evi fikirləşir.
İndi ki, cavablar hazırdır, sualları sizlərin diqqətinizə təqdim edirik. İşimizi yüngülləşdirən odur ki, bütün sualların bir, eyni cavabı var. Oxuduqca, həmin cavabı başa düşəcəksiniz. Düşməyənlər bilməyəcəklər, çünki cavab aşağı düşən yox, yuxarı qalxan liftin kabinəsinin içərisində divara yapışdırılıb. İndi isə, Qaqarin demişkən, “Payexali!”. Yəni “Cum, qadanı aleym!”.
Kim özünün öpülməli yerini dodaqları ilə göstərir?
Sizi az qala bankrot edən kimdir?
Kimin savadı ayaqyolunda qalıb?
Kimin niyyəti özgənin nadir metal sərvətlərini qarət etməkdir?
Belə güclü böhrana, inflyasiyaya görə kimə təşəkkür etməliyik?
Kim öpüş yerindən uzağı görmür?
İqtisadiyyat kimə görə çalxalanır?
Kim ayağını başqalarının yorğanı altına salır?
Ağıl paylananda kim gözəllik müsabiqəsi keçirirdi?
Kim ağı qaradan seçə bilmir?
Kimə görə Amerikanın səmimi dostu qalmayıb?
Öz axmaqlığından xəbəri olmayan kimdir?
Kimi pensiyaya yola salmağın vaxtı çatıb?
Kimin açıq kosmosa skafandrsız buraxılması məsləhətdir?
Kimə “Qo hom!” deməyin vaxtıdır?
Cibimizi boş qoymaq istəyən dələduz kimdir?
Kimin fərsizliyinin ziyanını çəkirik?
“Xalqın lideri” adına yaraşmayan əbləh kimdir?
Kim səhər dediyini – axşam, axşam dediyini – səhər təkzib edir?
Kimin istəyi ilə imkanı, imkanı ilə sözü düz gəlmir?
Etimadı doğrultmayan kimdir?
Kim düzü qoyub, əyrini seçir?
Kimin bilmədiyi çoxdur, bildiyi yoxdur?
Xalqları uçuruma aparan kimdir?
Kimin haqlı olduğuna artıq güvənmirsiniz?
Dünyanın geri düşməsinin günahkarı kimdir?
Kim öz məsuliyyətini dərk etmir?
İmkanlarınızı azaldan kimdir?
Kiminki elə buraya qədərmiş?
Kimə naviqator da yol göstərmək istəmir?
Kimin zəngi çalınıb, kitabı bağlanıb, qatarı gedib?
Hansı şəxsin sifətinin rəngi meymunun qalstuku kimi qırmızıdır?
Əl-qolunuzu bağlayan zəncir kimdir?
Kim dünyanı fəlakətə aparır?
Kim getsə hamıya yaxşı olar?
Fil qulağında yatan kimdir?
İddiası boşundan dolu olan kimdir?
Sorğu anketlərinin öyrənilməsi davam edir. Deməli,
(Ardı var)
A.ƏZİZ