Tramp administrasiyasında fikir ayrılığı var – “Axios”

ABŞ prezidenti Donald Trampın komandasının İran məsələsinə görə fikirləri haçalanıb. 

Apr 17, 2025 - 12:11
Tramp administrasiyasında fikir ayrılığı var – “Axios”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” yazıb. 

Nəşr qeyd edir ki, Amerikanın dövlət başçısı İranın nüvə silahı əldə etməsinin qarşısını alacağına söz verib, lakin məlum olub ki, onun milli təhlükəsizlik komandasında bu məqsədə çatmağın ən yaxşı yolu ilə bağlı fikir ayrılıqları mövcuddur.

Birinci düşərgəyə vitse-prezident Cey Di Vens rəhbərlik edir. 

O, hesab edir ki, diplomatik həll üstünlük verilməlidir və ABŞ güzəştə getməyə hazır olmalıdır. Trampın xüsusi elçisi Stiv Uitkoff və müdafiə naziri Pit Heqset də həmin düşərgəyə daxildir. Vitse-prezident həmçinin nəşrin “Trampın sözgəzdirəni” adlandırdığı jurnalist Taker Karlsondan kənar dəstək alır. Bu qrup İranın nüvə obyektlərinə zərbə endirilməsinin ABŞ-nin bölgədəki qüvvələrini təhlükəyə atacağından və neftin qiymətinin kəskin artmasına səbəb olacağından narahatdır.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubionun da daxil olduğu digər düşərgə İrana dərin şübhə ilə münasibət bəsləyir və sazişin əldə olunması imkanına son dərəcə bədbin yanaşır. Trampa yaxın olan senatorlar Lindsi Qrem və Tom Kotton da eyni mövqedən çıxış edirlər. 

Bu düşərgə hesab edir ki, İran həmişəkindən daha zəifdir. Ona görə də ABŞ güzəştə getməməli, Tehranın nüvə proqramından tamamilə imtinasında israr etməlidir. Yəni ABŞ ya İranı birbaşa vurmalı, ya da İsrailin zərbəsini dəstəkləməlidir.
 
“The New York Times” (NYT) isə yazıb ki, ABŞ prezidenti İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi fikrini rədd edir.

Nəşr qeyd edir ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı, lakin ABŞ prezidenti Donald Tramp bu ideyanı Tehranla danışıqların lehinə rədd edib. Tramp İranın nüvə bombası istehsalını dayandırmaq üçün diplomatiyanı və ya İsraili dəstəkləmək barədə aylarla gedən daxili müzakirələrdən sonra qərarını verib. 

İsrailin məqsədi Tehranın nüvə silahı yaratmaq qabiliyyətini bir il və ya daha çox müddətə ləngitmək idi. Demək olar ki, bütün planlar ABŞ-dən təkcə İsraili İranın cavabından qorumaq üçün deyil, həm də İsrailin hücumunun müvəffəqiyyətini təmin etmək üçün ABŞ-nin köməyini tələb etdi və Birləşmiş Ştatları hücumun mərkəzi hissəsinə çevirirdi.

Xatirə SADİQ