Nazir müavinliyinə namizəd ABŞ Senatında bu suala cavab vermədi
ABŞ müdafiə nazirinin müavini vəzifəsinə namizəd Stiven Faynberq Senatın komitə iclasında Rusiyanın Ukraynaya təcavüz edib-etmədiyi sualına iki dəfə cavab verməkdən imtina edib.
SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.
Faynberq bunu hazırda ABŞ-nin maraqları üçün vacib olan “çox gərgin danışıqlar”ın getməsi ilə izah edib. O, bildirib ki, həmin danışıqlarda iştirak etmədiyindən və təfərrüatları bilmədiyindən açıqlamaları ilə səyləri baltalamaq istəmir.
“Reuters”in jurnalisti İdris Əli isə “X” platformasında bildirib ki, senator-demokrat Mark Kelli Ukraynanın ABŞ-nin müttəfiqi adlandırıb. Kelli bildirib ki, Putin “xuliqan”dır, lakin o, bunu indiki administrasiyadan eşitmir.
“Hesab edirəm ki, müavin [müdafiə nazirinin] bəzən siyasətə baxışını ifadə etməlidir, lakin təbii ki, bu, açıq şəkildə deyil, bağlı qapılar arxasında olmalıdır”, - deyə Faynberq cavab verib.
Qeyd edək ki, Faynberq amerikalı milyarder, investordur. O, aktivlərin idarə edilməsi üzrə “Cerberus Capital Management” şirkətinin həmtəsisçisidir.
Xatirə SADİQ