Qroznı hava limanında uçuşlar məhdüdlaşdırıldı
Qroznıdakı “Severnı” Beynəlxalq Hava Limanında uçuzlar müvəqqəti olaraq məhdudlaşdırılıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şaxgiriyev bildirib.
“Hava limanı “Kover” (“Xalça”) planına uyğun olaraq bağlıdır. Biz [təyyarəni] qəbul etmirik və buraxmırıq. “Xalça” planı Moskva vaxtı ilə saat 05:08-də elan edilib”, - deyə Şahqiriyev “İnterfaks” agentliyinə bildirib.
Onun sözlərinə görə, bəzi reyslər gecikir.
Hava limanı Rusiya daxilində altı istiqamətə: Moskva, Sankt-Peterburq, Novosibirsk, Soçi, Surqut, Kazan, həmçinin beş beynəlxalq istiqamətə - İstanbul, Aktau, Bakı, Bişkek, Tehrana uçuşlar həyata keçirir.
Rusiya KİV-ləri xəbər verir ki, səhər saatlarında Soçi, Kazan, Həştərxan və Volqoqrad şəhərlərində hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb, sonra məhdudiyyətlər götürülüb. Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Qroznıda təyyarələrin qəbulu və yola salınmasının dayandırılması barədə məlumat verməyib.
Məlumata görə, hava limanlarının fəaliyyətinə məhdudiyyətlər “mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” tətbiq edilib. Bəziləri “Xalça” planının guya dronların təhlükəsi səbəbindən tətbiq olunduğunu iddia edir.
Əslində isə, Azərbaycan təyyarəsinə qarşı yolverilmiş cinayət səciyyəli hərəkətdən sonra bu addım “toydan sonra nağara” məsəlini xatırladır.
Xatırladaq ki, məhz Qroznı hava limanının məsuliyyətsiz və anlaşılmaz davranışı səbəbindən Bakıdan bu şəhərə uçan “Azərbaycan Hava Yollarına”na məxsus mülki təyyarə Aktau şəhərinə enməyə məcbur edilib. Eniş zamanı parçalanan təyyarənin qalıqlarının videogörüntülərini şərh edən beynəlxalq ekspertlər laynerin məhz Qroznıda vurulduğunu iddia edirlər.
Bu faciəli hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Azərbaycan dövləti dekabrın 26-sını matəm günü elan edib. Məlum olub ki, rəsmi Bakı Çeçenistan hakimiyyətinin həlak olanların və yaralananların ailələrinə təklif etdiyi yardımını qəbul etməyib.
Xatirə SADİQ