"Nəcməddin Sadıkov, gəl danış" - “Şlyapa Zahid” məhkəmədə şok ifadə verdi
Müdafiə Nazirliyinin bu dəfə 42 milyonluq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda “Şlyapa Zahid” ləqəbli məşhur zabit sərbəst ifadə verib.
Qısaca məlumat üçün deyək ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 42 milyon 470 min 885 manat kredit götürüb. O, həmin krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurmağa görə mühakimə edilir, amma ittihamları qəbul etmir.
İlk baxış iclasında onun vəkili törədilən cinayətdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Deyib ki, 24 milyonun köçürüldüyü şirkət əslində müvəkkili Niftəliyevin, yox Sadıkovundur. Vəkil bu məsələlərə aydınlıq gətirməsi üçün Nəcməddin Sadıkovu məhkəməyə çağırıb.
Bu prosesdə “Şlyapa Zahid” də vəkilinin dediklərini təsdiq edib. İfadəsində deyib ki, Nəcməddin Sadıkovun xahişinə görə adına şirkət açılmasına razı olub. Amma şirkətin sonradan yeyinti məqsədilə istifadə edilməsindən məlumatsız olub: “Bir işlə bağlı Sadıkovun qəbuluna girmişdim. Söhbət əsnasında dedi ki, bəs bizə önəmli bir iş görmək üçün şirkət lazımdır. Mərhum vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən işlər görməli idi. Bu işləri reallaşdırmaq üçün də şirkət lazım idi. Məhz bu səbəbdən razı oldum. Fazil Məmmədov vəfat edəndən sonra bilmişəm ki, mənim üstümdən oyun oynayıblar”.
Niftəliyev özü də məhkəmə zalından Nəcməddin Sadıkova müraciət yollayıb, ondan hər şeyi danışmasını istəyib: “Bankdan 42 milyon götürülüb. Bu qədər pulu mənə kim verə bilərdi? Oradan mənə 40 manat da çatmayıb. Demirəm ki, Nəcməddin Sadıkov, ya Fazil Məmmədov yeyib. Amma onlar bilirdilər. Nəcməddin Sadıkovdan xahiş edirəm, gəlib danışsın”.
“Amma sənədlərdə sizin imzalarınız var”-, dövlət ittihamçısı deyib. Niftəliyev bunu təsdiq edib. Onun sözlərinə görə, bankda imzalar atıb, amma pul söhbətindən xəbərsiz olub.
“Şlyapa Zahid” sonda Fazil Məmmədovun müşaviri olmuş Mahir Rəfiyevin otağında baş tutan toplantıdan söz açıb.
Məhkəməyə sədrlik edən hakim Novruz Kərimov bu yerdə iclası dayandırıb.
Prosesin davamı qapalı keçirilib.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.
Onu da əlavə edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.