Rus imperiyası sərkərdəsinin abidəsi söküləcək - Riqada

Riqa şəhər şurası rus imperiyasının sərkərdəsi Mixail Barklay de Tollinin heykəlinin sökülməsini və ictimai məkandan köçürülməsini təsdiqləyib.

Oct 17, 2024 - 11:25
Rus imperiyası sərkərdəsinin abidəsi söküləcək - Riqada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb. 

Şəhər şurasının iclasında müzakirələr zamanı Latviyanın rus icmasını təmsil edən  deputatlar abidənin müdafiəsinə qalxıblar. 

İnna Dyeri onun sökülməsini rusofobiya, axmaqlıq və tarixin yenidən yazılması kimi qiymtləndirib. O vurğulayıb ki, abidələrlə mübarizə Riqanın küçələrini yaxşılaşdırmayacaq və şəhərə daha çox pul gətirməyəcək.

Onun həmkarı Natalya Abola bəyan edib ki, nə Aleksandr Puşkin, nə də Barklay de Tolli Rusiya lideri Vladimir Putinə məxsus deyil. Üstəlik, Mixail Barklay de Tollinin adı Latviyanın tarixi ilə bağlıdır.

Lakin Dövlət Təhlükəsizlik Xidmətinə istinadən deputat Davis Stalts öz hesabatında göstərib ki, Rusiya öz təsirini gücləndirmək üçün abidələrin quraşdırılması siyasətindən sui-istifadə edir.

Məlum olub ki, abidə 1913-cü ildə ucaldılıb, 1915-ci ildə isə sökülüb, yalnız postamenti qalıb. 2002-ci ildə sahibkar Yevgeni Qomberqin təşəbbüsü ilə heykəlin surəti yenidən postament üzərinə qoyulub.

Milli Mədəni İrs İdarəsi heykəlin dövlət tərəfindən qorunan mədəniyyət abidəsi olmadığı üçün onun başqa yerə köçürülməsinə etiraz etməyib. Heykəlin söküldükdən sonra Yevgeni Qomberqə qaytarılması qərara alınıb. 

Xatirə SADİQ