"Nürnberq"in baş məşqçisi Mahirdən danışdı - "Bəzən əsəbiləşir"
Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.
"Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.
46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: "Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".
Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: "Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm". (qol.az)