Öncə əl sıxmadılar, sonra isə nazirin fotosunu... - Alman nəşri Suriyadakı görüşdən yazdı
Suriya tərəfinin Almaniyanın xarici işlər naziri Annalena Barbokla görüşdən yaydığı fotolarda xanım nazirin şəkli bulanıq şəkildə verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniyanın “NTV” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, “Həyat-Təhrir aş-Şam”a (HTŞ) bağlı “Almharar” kanalı Berbokun da daxil olduğu Fransa-Almaniya nümayəndə heyəti ilə Dəməşqdəki rəsmi görüşün dörd fotosunu yayımlayıb: “Lakin həmin şəkillərdə almaniyalı xanım nazirin fotosunu tanımaq mümkün deyil. Fotoların birində isə iki nəfəri də tanımaq mümkün deyil. Yəqin ki, onlar iki qadın tərçüməçi olublar”.
Nəşr xatırladıb ki, Berbokun Suriya rəsmiləri ilə görüşünün başqa bir xüsusiyyəti əl-Şaraanın alman nazirin əlini sıxmaması olub. “Çünki o, qadındır”, - deyə nəşr vurğulayıb.
“NTV” yazıb ki, Quranda qadın və kişi arasında əl sıxmağın qadağan olunduğu bildirilmir. Mötədil müsəlmanlar hətta bədənin örtülməsi tələb olunmayan hissələrinə toxunmağın icazəli olduğuna inanırlar. Bununla belə, “HTŞ”in üzvləri qadınla əl sıxmağın “zina”ya doğru ilk addım olduğuna inanırlar.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barro yanvarın 3-də Dəməşqə səfər ediblər. Nazirlər Bəşər Əsəd rejiminin devrilməsindən sonra Avropa İttifaqının (Aİ) Suriyaya səfər edən ilk nümayəndələri olublar. Onlar səfər zamanı “HTŞ” qrupunun lideri Əhməd əl-Şaraa ilə Suriyanın yeni lideri qismində rəsmi görüş keçiriblər.
Səfəri zamanı çıxış edən Berbok bildirib ki, qadınların hüquqlarının qorunması Avropa və Suriya münasibətlərində yeni siyasi başlanğıcın mümkün olub-olmamasının, elə də cəmiyyətin nə qədər azad olduğunun göstəricisidir.
Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Berbok və Barro Suriyanın yeni hakimiyyət rəsmilərinə Aİ-nin mesajını çatdırıblar.
Xatirə SADİQ