Özün düşün
* MÖVZU. Qonşuluqdakı idarədə yaşıdım müdirdir. İkimizin üst-üstə 70 yaşımız var. Bu, babamın yaşından azdır. Lakin qocamı dünyada heç bir sərvətə dəyişmərəm.
Ona görə yox ki, əzizdir. Çünki mənəvi xəzinəni maddi xəzinəyə, ağlı pula dəyişməzlər! Var-dövlət müdrikliyə tay deyil!
Dediyim cavan müdirin əlindən hər ay on minlərlə manat nağd pul keçir. Belə olduqda, yaşlı nadan da öz əhəmiyyətinə inanar. Beləsi üçün bildiyi – bilikdir, nəyi bilmirsə – deməli dünyada yoxdur. Odur ki, gözlənilmədən dedi:
– İnsanlar vacib şəxsləri tanımırlar.
– Kimləri?
– Məsələn, nazirləri. Elə Filan nazirini.
Anladım: həmin nazirin adını bilir. Məni çətin vəziyyətə saldı. “Gözləyirlər” deyə, sağollaşıb getdim. Amma onun düşüncə darlığı məni düşündürdü.
İki gündən sonra yolum onun idarəsindən keçdi. Ehtiyatla dedim:
– Sənə iki sualım var. Beynəlxalq Valyuta Fondunun direktoru kimdir?
Cavab gözlədiyim kimi oldu – puç. Daha bir sual verib, sözümün səbəbini izah etdim:
– O gün dedin ki, Filan nazirini hər kəs tanımalıdır. Bəs dünyanın o boyda maliyyə qurumunun direktorunu?
Bilirdim ki, daş divara rast gələcəyəm. Elə də oldu. Uşaq inadından dönmədi:
– O, xaricidir, nazir isə – bizimki. Bizimkiləri tanımaq lazımdır.
Düşünmə ki, Nazirlər Kabinetinin tərkibini, Milli Məclis üzvlərinin siyahısını soruşdum. Soruşdum başqa şeyi:
– Nazir bizimkidir? Yəni sənin və mənimki də? Bu nazirin səndən və məndən xəbəri var? Xoşuna gəlməsə onu işdən çıxara bilərsən? O biri nazirləri də o cümlədən.
Çox deyə, çox misal çəkə bilərdim. Lakin ona və beləsinə nəyisə başa salmaq, anlatmaq müşkül məsələdir. İşin çoxluğunu bəhanə edib ayrıldım. Əhvalatı həmin axşam babama söyləyəndə, dedi:
– Görürəm, bir qədər əsəbləşmisən. Axı sən niyə elə axmaqlara baş qoşursan?
Özümü müdafiə etməkdən ötrü bircə arqumentim var idi. Saxlamadım, dedim:
– Həmin oğlan öz axmaqlığı ilə mənə mövzu verdi. Yazacağam.
Budur: yazıldı, oxundu.
Azərbaycanda isə tanınmalı dahilər, əsərlər, tarixlər çoxdur. Hamısı da özümüzkü – sənin və mənim.
Qeyd: Nazirliyi göstərmədim, nazirin adını çəkmədim. Heç birinin təqsiri yoxdur ki, təkəbbürlü nadan cavan məhz onları seçib. Maraqlıdırsa, deyə bilərəm: əgər bütün nazirlikləri aparıcılığına görə təsnifata bölsək, həmin nazirlik son qrupda olacaq.
* ƏLCƏK. Ukrayna xalq nağılında nəql olunur ki, qoca kişi bir gün meşədə gedərkən “4+1” əlcəyini yerə salıb itirir. Yoldan keçən siçan vaz keçmir ondan və əlcəyə daxil olur. Beləcə, əlcəyin sakinlərindən ibarət mənzil kooperativi yaranır. Onun üzvləri: Qaçağan siçan, Qur-qur qurbağa, Quyruğu gödək dovşan bəy, Tükləri ala tülkü xala, Gözləri yanar boz canavar, Xor-xor yatan tüklü qaban, Ayı – ballı dayı... Bütün bu heyvanat 1 tay zooəlcəyin içində.
Gop olsa da, ibrətamizdir. Çünki, ölçüləri kənara qoysaq, bir-birinin qənimi olan bu heyvanlar təbiətin yaratdığı böyük meşədə dinc yanaşı yaşaya bilmirsə, yüngül sənayenin istehsal etdiyi trikotaj, məhdud ölçülü toxunma məmulatın daxilində heç cür yola getməzdi.
Bu yerdə Ukrayna meşəsindən çıxıb, Avropa cəmiyyətinə nəzər salaq. Onun guya birliyi də var. Hansından ki, Böyük Britaniya qaçağanlıq etdi, Yunanıstan dilənib 160 milyarddan çox vəsait qopardı, fransız Sarkozi Liviya diktatorundan öz seçki kampaniyasına pul aldı, frau Merkel Avropanın və guya sevdiyi Almaniyanın qapılarını milyonlarla (!) azğın qaçqının üzünə taybatay açdı. İki dövlət isə nəinki Ukraynaya, bütün Avropaya düşmən kəsilmiş Rusiyanı hər cəhətdən dəstəkləyir. Bunlar Aİ üzvləri Macarıstan və Slovakiyadır. İndi isə maymaq qarı (Avropaya ənənəvi olaraq “qoca qitə” deyilir) İttifaqa daha bir prinsipial düşməni – Serbiyanı qəbul etməyə çalışır. Necə deyərlər, it olsun, qurd olsun, təki Türkiyə olmasın...
Serbiya da üzv olarsa, Avropa antixalq nağılının finalı belə yazılacaq: “İndi onlar üç oldu və Avropa əlcəyi cı-rıl-dı!”.
* KƏRTƏNKƏLƏ. Avropadan da maymaq Amerika var. Vuçiçdən təhlükəli Tramp var. Bəs İran? İran isə Rusiya ilə Çinin əlində Qərbi zəiflətməkdən ötrü dəstəklədiyi qurbanlıq dövlətdir. Orada nə olarsa, hətta faciə baş verərsə, təki Amerikanın və Avropanın hərbi, siyasi, iqtisadi və maliyyə ehtiyatları tükənsin. Tramp nə qədər məzələnib desə də, guya İranın nüvə potensialını məhv edib, elə deyil. İran kərtənkələdir. Onun yalnız quyruğunun ucu qırılıb. Tezliklə quyruq uzanacaq və fars mollaları allahın ölüm saçan silahı üzərində işi davam etdirəcəklər. Daha gizli, daha sürətlə.
* OYUNCAQ. Bir vaxtlar müharibə ölüm-dirim mübarizəsi sayılırdı. İndi onu matışkə oyununa, nakişiliyə çeviriblər.
Suriyada Əsəd ordusunun mövqelərini bombardman etməkdən əvvəl ABŞ generalları rus həmkarlarına öz niyyətlərini xəbər vermişdilər. Guya rus bunu ərəb qardaşına deməyəcəkdi. Bombalar atıldı, amma hərbi bazada vurmağa təyyarə tapılmadı.
ABŞ general Süleymanini İraqda öldürdü. İran qisas alacağı ilə hədələdi. Qisasın vaxtını və yerini “əmrikəyə” dedilər. Ölən və yaralanan olmadı. Amma mollabaşı öz ölkəsini “yüzlərlə amerikalının qətlə yetirilməsi” münasibətilə təbrik etdi.
Tramp xəbər verdi ki, Fordo, Natanz və İsfahana çox ağır bombalar atacaq. Tülkü mollalar hər şeyi oradan daşıdılar...
Növbə İrana çatdı. O da xəbər verdi ki, “əmrikənin” Qatardakı hərbi bazasına raket buraxacaq. Sayını da dedi – 6 ədəd. ABŞ tuman-köynəyini oradan yığışdırdı. Raketlər pırt-pırt etdilər. Molla xalqını sevindirdi: qisas alınıb.
Kim demişdi ki, bunlar matışkə oyunlarıdır? Hə, özüm demişdim. Düz demişdim!
Heyf! İsraildən heyf! Yəhudilər əbləh Trampın nazı ilə oynamalı olurlar... Bu isə hər kəs üçün ağırdır.
A.ƏZİZ