Özünü aldatma

Televiziya kanalında xəbərlərin aparıcısı ortada fırlananda sənin xoşuna gəlir?

Jun 19, 2025 - 11:57
Özünü aldatma

Yaxud, müxbir kamera qarşısında dik durub, “Arxamda Eyfel qülləsini (sirk binasını, göydələni...) görürsünüz” deyir, amma arxasını göstərmir. Bu, düzgündür?

Mənə xəbər lazımdır. Və lazımdır mənzərə. Lakin yad sifət, ayaq, kəllə, qarın nəmənə! Bəs sənə?

Düşün, fikirləş, bəbə, mənsə keçim mətləbə...*

Səni hamı aldatmağa çalışır. Ona görə yox ki, pis adamsan. (Hərçənd, bu da istisna deyil...).

Qonşu, yoldaş, müdirin, tabeliyindəki işçin. Təklikdə, birlikdə, televizor ekranlarından. Seçki öncəsi, seçildikdən sonra. Toydan qabaq, evləndikdə. Uşaq, arvad, ər və yad. Hamı sənə nəyə görəsə yalan deyir nədəsə.

Əsəbiləşmə. Söyüşmə, döyüşmə. Xatırla, səni aldadan ilk insan kim olub. Yadına düşməyəcək. Axı o vaxt qanmırdın. Bundan istifadə edərək, səni doğma anan aldatdı. O insan, hansınin ki ayaqları altında guya o dünyanın tən yarısı yerləşib. Cənnəti deyirəm.

Soruşacaqsan, necə olub ki, ana öz sevimli övladını aldadıb. İşi var idi. Bəlkə də bərk yorulmuşdu. Sən isə elə hey zur tutub ağlayırdın. Və o, sənə döşünün əvəzində yalançı əmzik – rezin məmulat verdi. İnandın. Aldandın. İştahla əmməyə başladın.

Özun də ideal deyilsən. Bəzən elə həvəslə goplayırsan ki, ətrafdakıların anladıqlarını başa düşmürsən. De, hansı müəllim, yaxud sinif yoldaşın “Saat yatmışdı”, “Nənəmin yadından çıxdı məni oyatmaq”, “Dəftərim (Gündəliyim) evdə qalıb” bəhanələrinin uydurma, yalan olduğunu başa düsmür! Hamı düşür başa. Vay o günə ki, bunu sən anlamırsan.

Yalan danışmaq olmaz. Hamı bilir. Amma bəzi hallarda məhz yalan söyləmək lazımdır. Hamı deyir. Düşmənə sirr verməzlər, uşağa haradan çıxdığını deməzlər. Doğrudur, axmaq avropalılar bunu deyir, hətta şəkilli kitablarda göstərirlər.

“Böyüyərsən – bilərsən”. Bu sözləri eşidəndə bəzi uşaqlar kiməsə istinad edirlər ki, “balacalardan heç nə gizlədilməməlidir”. Səninki belə desə, söylə:

“Əzizim, səndən heç nə gizlətmirəm. Götür 11-ci sinfin fizika, kimya dərsliyini və oxu. Heç nə başa düsməyəcəksən. Çünki təhsil də bütün həyat kimi mərhələli prosesdir. 11-cini anlamaq üçün – 10-cunu, onu başa düşməkdən ötrü – 9-cunu bilməlisən. Düşunürəm, birbaşa qoca olmaq da istəməzsən. Yəqin gəncliyi, cavanlığı yaşamağı arzulayırsan.  Oturub gözlə demirəm. Yaşa. Hər şeyin öz vaxtı var. Hər şey vaxtında gələcək, olacaq”.

Ümidvaram, övladın anlayar. Deyəsən, adam balasıdır axı...

Yadında saxla: səni hamı aldatmağa çalışır. Çalış ki, özünü aldatmayasan.

A.ƏZİZ