“Parlament seçkilərindən sonra ABŞ səfiri ilə görüşəcəm” – Bdzina İvanişvili
“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Sinqapurda keçirilən məhkəmə prosesinin müsbət nəticəsini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İvanişvili “İmedi” telekanalına müsahibəsində danışıb.
Milyarderin sözlərinə görə, onun Qərb siyasətçiləri ilə görüşlərinə maneələr aradan qaldırılıb. Buna nümunə olaraq İvanişvili ABŞ səfiri Robin Danniqan ilə telefon danışığından söz açıb. O, qeyd edib ki, parlament seçkilərindən sonra amerikalı səfirlə görüş keçirəcək.
O, həmçinin bildirib ki, Qərblə münasibətlərin yaxşılaşması Ukraynada müharibənin başa çatması ilə əlaqədardır.
Bundan öncə “Gürcü arzusu”dan bildirilirdi ki, İvanişvili maliyyə şantajına görə “Qlobal Müharibə Partiyası”nın təsiri altında olan amerikalı siyasətçi və bürokratlarla görüşlərdən yayınır. Hakim partiya İvanişvilinin “Credit Suisse” bankındakı 2 milyard dollarının bloklanmasını “qeyri-formal sanksiyalar” adlandırırdı.
Oktyabrın əvvəlində ABŞ səfirliyi milyarderin İsveçrə bankı ilə mübahisəsinə dair qısa şərh dərc etdi: “Bidzina İvanişvili bilir ki, “Credit Suisse” ilə əlaqəli pullar Amerikanın deyil, Bermud və Sinqapur məhkəmələrinin yurisdiksiyasındadır. Niyə gürcülərə başqa hekayə danışır?”
Xatirə SADİQ