Paşinyanla "yaxşı polis - pis polis" oyunu oynayırlar - Elxan Şahinoğlu 

Rusiya Prezidenti Vladimir Putinlə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə fərqli mövqe nümayiş etdirməsi diqqət çəkir.

Jun 1, 2026 - 19:58
Paşinyanla "yaxşı polis - pis polis" oyunu oynayırlar - Elxan Şahinoğlu 

SAVASHMEDİA.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu Kremli bu məsələdə klassik “yaxşı polis - pis polis” taktikasından istifadədə ittiham edib.

“Rusiya Prezidenti Vladimir Putin və onun yaxın dostu Dmitri Medvedev Nikol Paşinyana münasibətdə “yaxşı polis” və “pis polis” rolunu oynayırlar”, - politoloq bildirib.

O xatırladıb ki, Putin bir müddət əvvəl “İrəvan seçim etməlidir” mesajı ilə Ermənistana xəbərdarlıq etsə də, sonradan Paşinyana zəng edərək onu ad günü münasibətilə təbrik edib. Eyni gündə isə Medvedev Ermənistan baş nazirini hədəfə alan sərt və təhqiramiz paylaşım edib.

Şahinoğlunun sözlərinə görə, Krem sahibinin bundan xəbərsiz olması inandırıcı görünmür:

“Putin bircə kəlmə dostuna desə ki, Paşinyanın ünvanına aşağılayıcı cümlələr yazma, məsələyə nöqtə qoyular. Ancaq o bunu etmir”.

Politoloq hesab edir ki, Kreml nəzarətində olan televiziya kanallarında və müxtəlif siyasi şərhçilərin çıxışlarında da Paşinyana qarşı təzyiq və təhqir kampaniyasının davam etdirilməsi təsadüfi deyil.

Bununla yanaşı, ekspert Putinin Paşinyanı ad günü münasibətilə təbrik etməsini siyasi hesablamalarla əlaqələndirib: “Putinin özü isə Paşinyanı ona görə təbrik edib ki, Ermənistanda 7 iyun parlament seçkilərində onun qələbə qazanacağını özü üçün müəyyənləşdirib”.

Politoloqun qənaətincə, Kremlin yanaşması aydındır: bir tərəfdən Paşinyana qarşı sərt ritorika davam etdirilir, digər tərəfdən isə Moskva Ermənistanın hazırkı lideri ilə işləməyə hazırlaşır.

“Aşağılar təhqir edəcək, Putinin özü isə növbəti dörd il də Paşinyanla yola davam etmək məcburiyyətində qalacaq”, - o əlavə edib.

Oğuz