Peskov Hakan Fidandan narazıdır - O, Kremlin hansı sirrini açıb?

Kreml Vladimir Putin və Donald Tramp arasında Alyaskada Moskva və Kiyev arasında nizamlanma üzrə danışıqların bütün təfərrüatlarını “açmağı” yersiz hesab edib. 

Aug 29, 2025 - 15:35
Peskov Hakan Fidandan narazıdır - O, Kremlin hansı sirrini açıb?

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyanın ərazilərlə bağlı təklif etdiyi kompromisə dair açıqlamasına münasibət bildirən Peskov qeyd edib ki, onlar şüurlu şəkildə prezidentlərin söhbətinin bütün xırdalıqlarını açıqlamırlar. 

“Söhbət lazımlı, vaxtında, mənalı və çox konstruktiv olub”, - deyə Peskov vurğulayıb. 

O, deyib ki, nizamlanma maraqları baxımından “işi diskret rejimdə aparmaq mühümdür”.
 
Xatırladaq ki, türkiyənin xarici siyasətinin rəhbəri Hakan Fidan vasitəçi qismində İstanbulda aparılmış Rusiya-Ukrayna danışıqlarında iştirak edib . 

O, “Haberler”ə müsahibəsində bildirib ki, müzakirələrin üçüncü raundunda tərəflərin irəli sürdüyü “bəzi mövqelər” sonradan Alyaska sammitinin gündəliyinə daxil edilib. 

Nazirin sözlərinə görə, Rusiya artıq Ukraynadan onların inzibati sərhədləri daxilində olan dörd rayonun ərazisini tələb etmir və Donbasın Kiyevin nəzarətində qalan hissəsini alacağı təqdirdə Xerson və Zaporojye vilayətlərində cəbhə xəttində dayanmağa razıdır.

Xatirə SADİQ