Peskovdan "AZAL-ın təyyarəsini Rusiya vurub?" sualına CAVAB

“Kreml ABŞ rəsmilərinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin hava hücumundan müdafiə vasitələri ilə vurula biləcəyi ilə bağlı bəyanatlarını şərh etmir”.

Dec 28, 2024 - 14:34
Peskovdan "AZAL-ın təyyarəsini Rusiya vurub?" sualına CAVAB

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bütün suallar Federal Hava Nəqliyyatı Agentliyinə ünvanlanmalıdır. 

Jurnalistlər Kremlin sözçüsünün diqqətini Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin, eləcə də Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyevin “Azərbaycan Hava Yolları” QSC-nin təyyarənin qəzaya uğramazdan əvvəl vurulması və xarici təsirlərə məruz qalması haqqında bəyanatlarına cəlb ediblər. 

“Biz bu bəyanatları görmüşük. Belə olan halda, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin dünənki bəyanatını xatırlatmaq istərdim. O, Rusiyanın həm Azərbaycana, həm də Qazaxıstana istintaqda hərtərəfli dəstək verəcəyini söylədi. İstintaqın nəticəsini gözləyirik. Prezident administrasiyası tərəfindən bu barədə nəsə demək yersizdir, xahiş edirəm Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Yadrovun açıqlamalarına əsaslanın”, - deyə Peskov bildirib.

Xatırladaq ki, AZAL son araşdırma başa çatana qədər Rusiyanın Vladiqafqaz, Nijni Novqorod, Saratov, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqala şəhərlərinə uçuşları dayandırıb.

Dekabrın 25-də baş vermis faciə zamanı 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. 

Xatirə SADİQ