Polis bu telegram kanalın ofisində axtarış aparıb – Rusiyada

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baza Telegram kanalının ofisində axtarış aparıblar. 

Jul 22, 2025 - 13:44
Polis bu telegram kanalın ofisində axtarış aparıb – Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, “Baza”nın ofisindəki axtarış məhdudlaşdırılmış məlumatların qanunsuz ötürülməsi səbəbindən polis əməkdaşlarının səlahiyyətlərini aşması barədə cinayət işi ilə bağlıdır.

Polis öncə Baza-nın baş redaktoru Qleb Trifonovun mənzilinə, sonra isə redaksiyaya gedib. 

Baza xəbər verir ki, hazırda Trifonovla və kanalın ofisdə olan əməkdaşları ilə əlaqə yoxdur. Baş redactor, ümumiyyətlə, naməlum istiqamətə aparılıb.

Kanaldan bildirilib ki, polis axtarışların səbəbini açıqlamayıb. “Baza-nın məlumatına görə, söhbət Rusiyanın regionlarından birində hansısa cinayət işinin başlanmasından gedir”, - deyə məlumatda vurğulanır.

İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 286-cı (məhdudlaşdırılmış məlumatların qanunsuz ötürülməsi nəticəsində polis əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işinin başlandığını bildirib.

“Krasnodar və Krasnoyarsk vilayətlərində, eləcə də Belqorod vilayətində əməliyyat bölmələri ilə əməkdaşlıq çərçivəsində aparılan istintaq məhdud giriş məlumatlarının qanunsuz ötürülməsi hallarını müəyyən edib”, - İstintaq Komitəsindən deyilib.

Müstəntiqlər cinayət işi çərçivəsində Moskva, Krasnodar diyarı, Krasnoyarsk və Belqorod vilayətlərində axtarışlar aparıblar. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları “istintaq üçün vacib olan əşya və sənədləri” götürüblər.

Baza – Rusiya onlayn nəşridir. Telegram kanalı 2019-cu ildə yaradılıb. Onun 1,6 milyondan çox abunəçisi var.

Xatirə SADİQ