Polşa Seyminin bu qərarı Kiyevdə sərt tənqid olundu
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Polşa Seyminin 11 uyul tarixinin “İkinci Polşa Respublikasının şərq ərazilərində Ukraynalı Millətçilər Təşkilatı (OUN) və Ukrayna üsyançılar ordusu (UPA) tərəfindən törədilmiş soyqırımı” qurbanlarının xatirəsini anma günü kimi təsis etmək qərarını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Ukrayna XİN hesab edir ki, polyak qanunvericilərinin bu qərarı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.
“Belə birtərəfli addımlar ölkələrimizin uzun müddətdir, xüsusən də iki ölkənin mədəniyyət nazirlikləri və milli yaddaş institutlarının iştirakı ilə fəaliyyət göstərən Tarixi Dialoq məsələləri üzrə Birgə Ukrayna-Polşa Qrupu formatında üzərində çalışdıqları qarşılıqlı anlaşma və barışığa nail olmağa kömək etmir”, - bəyanatda deyilir.
Ukraynanın “ümumi tarixin mürəkkəb səhifələrinin elmi, qərəzsiz öyrənilməsinin ardıcıl tərəfdarı” olduğunu diqqətə çatdıran xarici siyasət idarəsi bildirib ki, əsl barışığa aparan yol birtərəfli siyasi qiymətləndirmələrdən deyil, dialoqdan, qarşılıqlı hörmətdən və tarixçilərin birgə fəaliyyətindən keçir.
Ukrayna XİN Polşanı “ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcək və Ukrayna ilə Polşa arasında konstruktiv dialoq və əməkdaşlığın nailiyyətlərinə xələl gətirə biləcək addımlardan çəkinməyə” çağırıb.
XİN xatırladıb ki, polyaklar ukraynalılar, ukraynalılar isə polyaklar arasında düşmən axtarmamalıdır, çünki ümumi düşmən Rusiyadır.
Qeyd edək ki, 2015-2017-ci illərdə Polşada Ukrayna abidələrinin kütləvi şəkildə məhv edilməsinə cavab olaraq və bu cinayətlərin kifayət qədər araşdırılmaması səbəbindən Ukrayna 1943-1945-ci illərdə UPA döyüşçüləri tərəfindən öldürülmüş polyakların qalıqlarının eksqumasiyası və axtarış əməliyyatlarına moratoriumlar tətbiq edib.
Eksqumasiya məsələsi uzun illər Ukrayna və Polşa arasında mübahisə predmeti olub. Donald Tusk başda olmaqla Polşa hökuməti Kiyevə moratoriumun ləğvi üçün təzyiqlər göstərib. Varşavada hətta tarixi mübahisələrin həllinin Ukraynanın Aİ-yə daxil olması üçün məcburi öhdəliklərdən biri olacağı iddia edilirdi.
Aprelin sonunda Ternopol bölgəsində, indi mövcud olmayan Pujniki kəndinin ərazisində 1945-ci ildə həlak olmuş polyakların qalıqlarını çıxarmağa başladılar.
Tarixi dialoq üzrə Polşa-Ukrayna işçi qrupunun rəhbəri Pavel Koval bunu iki ölkə arasında münasibətlərdə irəliləyiş adlandırdı.
Xatirə SADİQ