Polyak mer İlon Maska qədim qəsri almağı təklif edib
Polşanın Qloquvek şəhəri İlon Maska XIII əsrə məxsus qəsri almağı və onu sahibkarın Avropa qitəsindəki qərargahına çevirməyi təklif edib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə “Associated Press”ə Qloquvek şəhərinin meri Petr Buyak bildirib.
Mer deyib ki, bu yaxınlarda Maskın “X” sosial şəbəkəsində təklifi paylaşıb və milyarderin şirkətlərinə qəsri almağa çağıran məktublar ünvanlayıb.
Qəsrin qiyməti açıqlanmayıb və Mask hələlik bu təklifə cavab verməyib.
Buyak bu addımını Avropa mediasında amerikalı milyarderin qitədəki qərargahı üçün uyğun bir əraziyə, bəlkə də İtaliyadakı bir qalaya göz dikdiyinə dair xəbərləri oxuması ilə izah edib.
Polşanın cənub-qərbində yerləşən Qloquvek qəsri orta əsrlərə qədər uzanan zəngin tarixə malikdir. XVII əsrdə qısa müddət ərzində Polşanın faktiki paytaxtı olub. Onun məşhur qonaqları arasında burada musiqi bəstələyən bəstəkar Lüdviq van Bethoven də olub.
“Qəsr çox yaxşı atmosferə malikdir və qüdrətli işlər üçün idealdır”, - deyə Bujak əlavə edib.
Onun sözlərinə görə, Qloquvekin yerləşdiyi bölgə şərabçılıq ənənələri ilə məşhurdur: “Biz Toskanadan geri qalmırıq. Bizim ideal iqlimimiz var və bu, Yer kürəsində ən yaxşı yerdir”.
Qloquvek şəhəri Avropanın bir sıra paytaxtlarından – Berlin, Praqa, Vyana, Bratislava və Varşavadan bir neçə saatlıq məsafədə yerləşir.
Xatirə SADİQ