Prezidentin müsahibəsi dünya mediasında ildırım sürətilə yayıldı
Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” (AZAL) məxsus təyyarənin Aktauda qəza enişi ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsi ildırım sürəti ilə dünyanın kütləvi informasiya vasitələrində (KİV) yayıldı.
Rusiya KİV-ləri bu müsahibəni ölkələrinə uyğun şəkildə verməyə çalışsalar da, əsas mahiyyəti gizlədə bilmədilər. Azərbaycan Prezidenti qətiyyətlə Rusiya tərəfindən təyyarəmizi vurduğunu, bu ölkə qurumlarının hadisənin ilkin versiyaları ilə bağlı necə ağılsızlığa yol verdiklərini onların üzünə söylədi.
Təsadüfi deyil ki, Ukrayna KİV-ləri “Əliyev Azərbaycan təyyarəsinin yerdən hücuma məruz qaldığını bildirib və Rusiyanı ağılsız versiyalarda ittiham edib” başlıqları ilə tirajladı.
Prezident, hər zaman olduğu kimi, bu müsahibəsində də yüksək diplomatiya, amma eyni zamanda zəruri qətiyyətli davranış sərgilədi.
“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”, - deyə İlham Əliyev diqqətə çatdırdı.
Dövlət başçımızın sözlərindən məlum oldu ki, ölkəmiz araşdırmanın aparılmasına yanaşma məsələsində Rusiyaya rədd cavabı verib: “Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.
O, beynəlxalq ekspertlərdən ibarət yaradılmış işçi qrupda Rusiyanın aparıcı rol oynamadığına da diqqəti cəlb edib: “Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır”.
Azərbaycan lideri hadisəni ort-basdır etmək istəyən Rusiya müvafiq qurumlarını vicdansız adlandırıb: “Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.
Prezident ölkəmizin və şəxsən özünün maksimum ədalətli olmağa çalışdığını vurğulayıb: “Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik”.
İlham Əliyev məhz pilotların fədakarlığı sayəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu tam açıq şəkildə söyləyə bildiyimizi nəzərə çatdırıb: “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi”.
Prezident eyni zamanda Qazaxıstan tərəfinə minnətdarlığını bildirib: “Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır”.
O, qeyd edib ki, istintaqla bağlı Azərbaycanın mövqeyi qazaxıstanlı həmkarı tərəfindən anlayışla qarşılanıb. “Onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”.
Nəhayət, Azərbaycan Prezidenti bildirib ki, AZAL şirkətinin Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdırması göstəriçini özü verib və bunun səbəbi təhlükəsizlik məsələləridir. “AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır”.
Sonda prezidentin səsləndirdiyi “Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. öz günahını etiraf etməlidir, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir” şərtlər, yəqin ki, bütün xalqımızın ürəyindən xəbər verib. Çünki bu şərtlər təyyarəmiz Ryusiya tərəfindən vurulduqdan sonra ictimaiyyət tərəfindən gündəmə gətirilib.
Prezident nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə bir daha dosta da, düşmənə də göstərdi ki, Azərbaycanın maraqları olan yerdə heç kimə, hətta bütün dünyaya “Oreşnik” hədəsi göndərən şimal qonşumuza da güzəşt yoxdur.
Unutmasınlar ki, 1988-ci ildə Azərbaycana sataşmağın bədəli SSRİ-nin dağılması ilə nəticələndi…
Xatirə SADİQ