"Prezidentliyə namizəd olacam" - Yuliya Navalnaya
Rusiyalı mərhum müxalifətçi Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya vətənə qayldacağı təqdirdə ölkə prezidentliyinə namizəd kimi seçkilərdə iştirak edəcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yuliya Navalnaya BBC-yə müsahibəsində bildirib.
“Mənim məqsədim ölkədəki dəyişiklikləri daha da yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkilərə gedəcəyəm”, - deyə Navalnaya vurğulayıb.
Amma onun sözlərinə görə, Rusiya hökmdarı hakimiyyətdə qaldıqca, onun Moskvaya qayıtması, təəssüf ki, mümkün deyil.
O, xatırladıb ki, həbs olunacağından ehtiyatlanaraq, hətta ərinin dəfni üçün də doğma şəhərinə gedə bilməyib. İndi Rusiyada ona qarşı ekstremist təşkilatda iştirak ittihamı ilə cinayət işi açılıb. Bununla hakimiyyət ərinin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu nəzərdə tutur.
Navalnaya etiraf edib ki, sehrbaz deyil və Rusiyada dəyişikliklərə dərhal necə nail olmağın sirrini bilmir.
"Əgər nəhəng bir şeyi dərhal edə bilmirsinizsə, hər gün kiçik bir şey et və nə qədər çox insan belə hərəkət etsə, dəyişiklik vaxtı bir o qədər tez gələcək”, - deyə o, əlavə edib.
Xatırladaq ki, fevral ayında Yuliya Navalnaya Avropa İttifaqını Rusiyada 2024-cü ilin martında keçirilən qondarma “prezident seçkilərini” tanımamağa çağırmışdı. Navalnaya demişdi ki, Putin artıq diplomatiyanın dilini və oyun qaydalarını tanımır, ona görə də qaydalarla oynamamağa başlamaq lazımdır.
Xatirə SADİQ