“Putin daha zəifdir, müharibənin bitməsi ABŞ-dən asılıdır” – Zelenski
“Ukraynada müharibənin bitməsi daha çox Amerika Birləşmiş Ştatlarından (ABŞ) asılıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Kremlin başçısını Ukraynaya qarşı təcavüzü bitirməyə məcbur etmək üşün ABŞ daha çox imkanlara malikdir.
“Məgər müharibəni bitirmək qərarına gələ biləcək şəxs Putin deyilmi?” sualına Zelenski belə cavab verib: “Əminəm ki, bu gün bu, Putindən asılıdır. O, bunu edə bilər. O, bunu istəyə və bu müharibəni bitirə bilər. Ancaq bu, həm də daha çox ABŞ-dən asılıdır. Putin ABŞ-dən daha zəifdir. ABŞ prezidentinin gücü, hakimiyyəti, silahı var və o, enerji resurslarının qiymətini aşağı sala bilər. Yeri gəlmişkən, mən KİV-də prezident Trampdan “o, enerji resurslarının, neftin qiymətlərini azaltmağı düşünür və bunu etmək lazımdır” siqnalını eşitdim”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski etiraf edib ki, ABŞ yardımı kəssə, Ukrayna Rusiyanın başlatdığı müharibədə uduza bilər: “Əlbəttə, istənilən halda, biz qalacağıq və mübarizə aparacağıq. Bizdə istehsal var, amma bu, qalib gəlmək üçün kifayət deyil. Və mən düşünürəm ki, bu, salamat qurtulmaq üçün də kifayət deyil. Amma əgər Amerikanın seçimi belə olacaqsa, bu, olacaq. Ona görə də nə etməli olduğumuza qərar verəcəyik”.
Xatirə SADİQ