Putin devriləcəyindən qorxur - Rusiyada nə baş verir, yaxud verəcək?

Ukrayna ilə müharibənin yaratdığı iqtisadi çətinliklər və artan ictimai narazılıq Rusiya prezidenti Vladimir Putinin mümkün çevrilişlə bağlı qorxularını artırıb.

Oct 27, 2025 - 00:01
Putin devriləcəyindən qorxur - Rusiyada nə baş verir, yaxud verəcək?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.

Qərb analitiklərinun iddiasına görə, Rusiya prezidentinin narahat olmaq üçün artan səbəbləri var: Aİ və ABŞ yeni sanksiyalar tətbiq etməkdə davam edir, bizneslər yüksək faiz dərəcələri ilə iflic vəziyyətindədir, dövlət borcu artır, əmtəə qiymətləri yüksəlir və İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov xəbərdarlıq edir ki, iqtisadiyyat tənəzzül astanasındadır. Müharibə başlayandan bəri, hətta Rusiyanın öz etirafına görə, inflyasiya 40%-i keçib.

Rusiya Maliyyə Nazirliyinin proqnozuna görə, 2025-ci ildə Rusiyanın büdcə kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər ki, bu da planlaşdırılan 0,5%-dən 5 dəfə çoxdur. Nəşr qeyd edir ki, kəsiri ödəmək üçün hökumət vergiləri artırmağa məcburdur - ƏDV dərəcəsi 2026-cı ildən başlayaraq 22%-ə yüksələcək və daxili borclanmanı əhəmiyyətli dərəcədə artıraraq dövlət borcunun şişməsinə gətirib çıxarır.

"Rusiyanın neft gəlirləri azalır.Bank böhranı təhlükəsini də gözardı etmək olmaz", - Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Kreyq Kennedi bildirib. Onun hesablamalarına görə, hərbi müəssisələrin borcu 190 milyard dollar təşkil edir - ölkənin illik büdcəsinin təxminən 37%-i.
Vəziyyət Çindən asılılığın artması və Qərbin sanksiyaları ilə daha da gərginləşir. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna ilə münaqişənin həllində irəliləyiş olmadığı üçün Rusiyanın ən böyük neft şirkətləri Rosneft və Lukoil şirkətlərinə məhdudiyyətlər qoyub. Bunun ardınca Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan Kremlin valyuta gəlirlərini aşağı salmaqla hədələyərək idxalı azaldıblar.

Buna cavab olaraq Putinin ətrafı “Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək üçün müxalifəti gözdən salmaqla çıxış yolu axtarır” və bu, daxili qeyri-sabitlik zamanı standart taktikadır.

Nəşr xatırladır ki, oktyabrın 14-də FSB “Yukos”un keçmiş sahibi Mixail Xodorkovski və anti-müharibə komitəsinin 22 üzvünə qarşı ölkədə “konstitusiya quruluşunu dəyişdirmək” məqsədi ilə “hakimiyyətin zorakılıqla ələ keçirilməsi” planına görə cinayət işi açıb. Londonda mühacirətdə olan Xodorkovski ittihamları müxalifəti qorxutmaq məqsədi daşıyan “yalan” adlandırıb.

Oğuz