“Təzyiq Rusiyaya təsir edib” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya “indi atəşkəsə daha çox meyllidir”.
SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra axşam müraciətində bunu deyib.
“Təzyiq onlara təsir edir. Amma əsas odur ki, onlar bizi təfərrüatlarda aldatmasınlar – nə bizi, nə də ABŞ-ni”, - deyə Zelenski vurğulayıb.
NATO-nun baş katibi Mark Rutte və bir sıra Avropa dövlətlərinin liderlərinin qatıldığı söhbətdə isə Trampın xüsusi elçisi Stiv Uitkoff və Rusiya prezidenti Vladimir Putin arasında Kremldə aparılan danışıqların nəticələri müzakirə olunub.
“Tərəfdaşlarımızla birgə mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, vicdanlı son olmalıdır... Bizim hamımıza uzun və etibarlı sülh lazımdır. Rusiya başlatdığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”, - deyə Zelenski öz Telegram kanalında yazıb.
Xatirə SADİQ