"Putin, eşit! Sizi görür və nə etdiyinizi bilirik" - Britaniyanın müdafiə naziri
Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq göndərib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə Con Hilinin ölkə parlamentində çıxışı zamanı baş verib.
Müdafiə naziri parlamentə məlumat verib ki, yanvarın 22-də Kral Hərbi Dəniz Qüvvələri ölkə sularında “Rusiyanın “Yantar” casus gəmisini aşkarlayıb. Onun sözlərinə görə, bu gəmidən kəşfiyyat məlumatı toplamaq və Böyük Britaniyanın kritik dənizaltı infrastrukturunun xəritəsini çəkmək üçün istifadə olunur.
“Mən həmçinin istərdim ki, prezident Putin bu mesajı eşitsin: “Biz sizi görürük, nə etdiyinizi bilirik və bu ölkəni qorumaq üçün qətiyyətli addımlar atmaqdan çəkinməyəcəyik! Biz Putinin bədxah fəaliyyətini ifşa etməyə və onun Ukraynaya qanunsuz müdaxiləsinin maliyyələşdirilməsinin qarşısını almaq üçün Rusiyanın “kölgə” donanması ilə mübarizə aparmağa davam edəcəyik”, ”, - Hili xəbərdarlıq edib.
Nazir əlavə edib ki, Rusiya gəmisi Britaniya sularına daxil olanda Kral Hərbi Dəniz Qüvvələri onu izləmək üçün iki gəmi göndərib: “Onun Böyük Britaniyanın kritik dənizaltı infrastrukturu üzərində dolaşdığı aşkar edildi”.
Qeyd edək ki, “Yantar” gəmisi 2024-cü ilin noyabrında mühüm sualtı infrastrukturun yerləşdiyi İrlandiya sahillərində görünüb.
Xatirə SADİQ