“Putin harasa yoxa çıxsa...” – İlya Yaşin

“Bütün fikirlərim Rusiyaya qayıtmaqla bağlıdır. Başa düşürəm ki, Rusiyanı kənardan dəyişmək mümkün deyil”. 

Nov 14, 2024 - 18:44
“Putin harasa yoxa çıxsa...” – İlya Yaşin

SAVASHMEDİA.az xəbər verir ki, bunu hazırda Almaniyada yaşayan rusiyalı müxalifətçi İlya Yaşin “Moscow Times” nəşrinə müsahibəsində deyib. 

O, qeyd edib ki, Qərblə mübadilədən sonra azadlıqda olduğu üç ay ərzində Rusiyaya qayıtmaq və həbsxanaya düşmədən müstəqil siyasətlə məşğul olmaq kimi siyasi fürsəti necə yaratmağı düşünür. 

“Necə olduğu hələ çox aydın deyil. Baxmayaraq ki, bəzi fikirlər var. Ölkəmdə olmaq imkanım olan kimi bu fürsətdən dərhal istifadə edəcəyəm”, - deyə müxalifətçi vurğulayıb. 

“Hansı məqamda tərəfdarlarınıza “evə gedək” deyəcəksiniz?” sualına İlya Yaşin belə cavab verib: “Təəssüf ki, mən Vanqa deyiləm və qorxuram ki, sizi tamamilə qane edəcək bir cavab verə bilməyəcəm. Çünki, təəssüf ki, gələcəyə baxmaq imkanım yoxdur. Ancaq bir şeyi deyə bilərəm ki, qayıtmaq fürsəti yaranan kimi sizə “Getdik” deyəcəyimi düşünmürəm. Mən sadəcə qayıdacağımı söyləyəcəyəm. Və əminəm ki, mənimlə birlikdə gedən xeyli insan olacaq”.

İlya Yaşin onu da qeyd edib ki, Vladimir Putin yoxa çıxarsa, Rusiyada hakimiyyət uğrunda mübarizə başlayacaq. “Çətin olacaq, ola bilsin ki, qanlı olsun, amma siyasi rəqabətə mütləq yer ayrılacaq. Mən tam əminəm ki, demokratik hərəkat bu mübarizədə iştirak edəcək. Çünki kim nə deyirsə-desin, hansı təbliğat bizi inandırmağa çalışırsa-çalışsınsa, onun (demokratik hərəkatın – red) Rusiyada, xüsusən də böyük şəhərlərdə xeyli sayda tərəfdarı və bu mübarizədə qalib gəlmək şansı var. Ona görə də Putin harasa yoxa çıxsa, biz hakimiyyət uğrunda mübarizə aparacağıq”. 
 
Xatirə SADİQ