Putinin dirijor dostunun konserti ləğv edildi – İtaliyada
İtaliyanın Mədəniyyət Nazirliyi rusiyalı dirijor Valeri Gergievin Un'Estate da RE yay festivalında iştirak etmək icazəsini ləğv edib.
SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.
“The Violin Channel”in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin çoxdankı müttəfiqi və Sankt-Peterburqdakı Mariinski Teatrının bədii rəhbəri Gergiev iyulun 27-də Neapol yaxınlığındakı Reggia di Caserta kral sarayında konsert verməli idi. Proqrama Salernodan olan Verdi teatrının orkestrinin və Mariinski Teatrının solistlərinin çıxışları daxil edilmişdi.
Lakin İtaliyanın mədəniyyət naziri Alessandro Culi bildirib ki, Gergievin festivalda iştirakı mədəni hadisə kimi deyil, siyasi jest kimi qiymətləndirilə bilər. “İncəsənət azaddır və senzuradan kənardır. Amma təbliğat, hətta yaxşı ifa edilən belə başqa məsələdir. Buna görə də Putinin dostu və müşaviri Valeri Gergievin Kampaniya (Campania) regional hökuməti tərəfindən təşkil edilən və maliyyələşdirilən konserti cəmiyyətə yanlış mesaj vermək riski daşıyır”, - deyə ANSA agentliyi Culidən sitat gətirib.
Gergievin İtaliyada çıxış etməyə dəvət olunması qərarı həm ölkə daxilində, həm də xaricdə tənqidlərə səbəb olub. Kampaniya bölgəsinin qubernatoru Vincentso De Luka bu tənqidi rədd edərək, “mədəni mübadilənin dayandırılmasının yalnız düşmənliyi dərinləşdirdiyini” söyləyib. De Lukanın sözlərinə görə, Gergiev və israilli dirijor Daniel Orenin dəvəti “hətta fərqli düşünənlərlə” dialoqu davam etdirmək cəhdidir.
Rusiya müxalifətinin nümayəndələri də Gergievin İtaliyaya dəvətini “eksklüziv mədəni” hadisə kimi təqdim etmək cəhdlərini “riyakarlıq” adlandırıblar. “Metropoliten-opera”sının baş direktoru Peter Qelb isə Gergievi “Putinin incəsənət sahəsindəki dublyoru” adlandırıb.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Gergiev çoxsaylı beynəlxalq müqavilələri itirib. O, Münhen Filarmoniyasının baş dirijoru vəzifəsindən azad edilib. Rotterdam Filarmoniyası, Baden-Baden konsert zalı, “BIS Records” leyblı, Metropoliten-opera, Karnegi Holl və Vyana Filarmoniyası da onunla əməkdaşlıqdan imtina edib.
2025-ci ilin iyununda Kanadada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra baş nazir Mark Karninin dərc etdiyi yeni sanksiyalar siyahısına Gergievin adı da daxil edilib.
Xatirə SADİQ