“Putinin əbləhləri Trampa yanlış fikirlər sırıyıblar” – amerikalı general
“Taker Karlson kimi “Putinin faydalı əbləhləri”, eləcə də Putinin özü Ukraynadakı müharibə ilə bağlı Trampa yanlış fikirlər sırımış ola bilərlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “BBC Radio 4”ə müsahibəsində Trampın ilk prezidentlik dövründə milli təhlükəsizlik müşaviri olmuş Herbert Makmaster deyib.
Makmaster bildirib ki, ukraynalılara “bu işə heç vaxt başlamamalı idiniz” müraciətini edən Trampın müharibə şərhindən dərin məyus olub. Keçmiş müşavir hesab edir ki, Trampın fikrini düzəltmək indi çox vacibdir.
Makmasterin sözlərinə görə, Putin Trampı manipulyasiya etmək və müharibəyə başlamaq məsuliyyətini öz üzərindən götürmək üçün əlindən gələni etməyə çalışır: “Bunu hələ 2003-cü ildə, Ukraynanın prezidentliyə namizədini [Viktor Yuşşenkonu] zəhərləyəndə və dəqiqdir ki, 2014-cü ildə – ilk işğaldan sonra başlayıb”.
General onu da qeyd edib ki, ABŞ təhlükəsizlik xidmətlərinin ardıcıl olaraq Putinin ABŞ və bütövlükdə Qərb üçün təhlükə olduğundan, onu təcrid etmək və etdiklərinin əvəzini ödəməyə məcbur etmək zərurəti haqqında danışmasına baxmayaraq, Tramp bunun əksini etməyə meyllidir. Makmaster qeyd edib ki, bununla yanaşı, Putin daim Trampın dediklərini ona qarşı istifadə etməyə çalışır - və beləliklə, Trampın özü öz mövqeyini zəiflədir.
“Tramp söhbət zamanı öyrənir. Nə qədər çox insanla danışırsa, bir o qədər yaxşıdır”,- Makmaster vurğulayıb.
O, əlavə edib ki, bu səbəbdən Avropa liderlərinin Donald Trampı görməsi, onunla danışması və ona vəziyyətlə bağlı öz perspektivlərini bildirməsi çox vacibdir.
“Trampın bilmək istədiyi əsas məsələ “bunun bizim üçün nə faydası var, niyə biz buna əhəmiyyət verməliyik” və o, həm də başqasının bunu niyə edə bilmədiyini bilmək istəyir”, - deyə general amerikalı prezidentin xasiyyətinə diqqəti cəlb edib.
“Tramp Putinlə Ukrayna üçün qəbuledilməz bir razılaşma əldə etsə, Avropanın nəsə edə bilərmi?” sualına general belə cavab verib: “Ukrayna üçün qəbuledilməz bir razılaşma olmayacaq”.
O, bu məqamda Rubionun ukraynalıların [danışıqlarda] iştirak edib-etməyəcəyi sualına “əlbəttə, onlar da iştirak edəcəklər” cavabını ümidverici adlandırıb.
General hesab etmir ki, Tramp hazırda Avropada olan bütün Amerika qoşunlarını oradan çıxaracaq: “Müharibənin qarşısını almaq bir müharibə aparmaqdan daha ucuzdur”.
O, nəzərə çatdırıb ki, Tramp tez-tez güc vasitəsilə sülhdən danışır və ABŞ-nin alyansda iştirakı bu gücün bir hissəsidir.
Xatirə SADİQ