“Ukrayna xalqını məhv etmək niyyətimiz yoxdur” - Lavrov

“Moskvanın Ukrayna xalqını məhv etmək niyyəti yoxdur. Onlar rus xalqının qardaş və baçısıdır”.

Dec 6, 2024 - 16:01
“Ukrayna xalqını məhv etmək niyyətimiz yoxdur” - Lavrov

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. Bu müsahibənin stenoqrammı Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. 
 
Bundan başqa, Lavrov iddia edib ki, Ukrayna ilə müharibəni Rusiya başlamayıb. 

Taker Karlsonun itkilərlə bağlı sualına cavabında Lavrov deyib ki, bu məlumatı açıqlamaq onun səlahiyyətində deyil. 

“Hərbi əməliyyatlar zamanı xüsusi qaydalar mövcud olur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi onlara riayət edir”, - deyə nazir iddia edib.

“Azadlıq Radiosu” xatırladıb ki, 2022-ci ilin fevral ayının sonunda Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hücumu başlayandan bəri BMT Ukrayna vətəndaşlarının atəşə tutulması nəticəsində həlak olması ilə bağlı statistika aparır. Bu günə qədər təsdiqlənmiş ölüm hallarının sayı ən azı 12 162 nəfəri əhatə edir. Onlardan 659 nəfəri uşaqdır. Ən azı 1747 uşaq olmaqla, 27 minə yaxın insan yaralanıb. Bu rəqəm əslində xeyli yüksək ola bilər.

Xatirə SADİQ