"Almaniyada Navalnıya nəsə etmişdilər" – Sergey Lavrov

“2020-ci ilin payızında Almaniyada müalicə olunan və bu yaxınlarda vəfat etmiş Navalnının tibbi müayinələrinin nəticələrinin harada olduğu sualına cavab yoxdur”.

Dec 6, 2024 - 14:35
"Almaniyada Navalnıya nəsə etmişdilər" – Sergey Lavrov

SAVASHMEDİA.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Müsahibənin stenoqramı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Aleksey Navalnının həbsxanada ölümünün səbəbi barədə suala cavab verərkən Lavrov iddia edib ki, Almaniyada müxalifətçiyə nəsə edilib. 

“O, Rusiyada müddətini çəkərkən vəfat etdi. Xəbər verildiyi kimi, o, vaxtaşırı özünü çox yaxşı hiss etmirdi. Bu, almanlardan onların aşkarladıqları analizlərin nəticələrini bizə göstərmələrini xahiş etməyimizin daha bir səbəbi idi. Biz onların tapdığını tapmadıq”, - deyə Lavrov vurğulayıb.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamal-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki xüsusi rejimli həbsxanada dünyasını dəyişdi. Onun ölümü ilə bağlı sənəddə siyasətçinin təbii səbəblərdən öldüyü bildirilir. Navalnının tərəfdarları isə onun öldürüldüyünə əmindirlər. 

Aleksey Navalnı 2020-ci ilin avqustunda Rusiyada zəhərləndikdən sonra uzun müddət Almaniyada müalicə aldı. Berlində mütəxəssislər onun bədənində “Noviçok” tipli zəhərli maddənin izlərini aşkar etdilər. Navalnı bildirirdi ki, Kremlin göstərişi ilə zəhərlənməyə məruz qalıb. Navalnı və tərəfdarlarının apardığı araşdırma nəticəsində məlum oldu ki, sui-qəsddə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak ediblər. 

Rusiya hakimiyyəti bir tərəfdən zəhərlənmə faktını təkzib edir, digər tərəfdən Navalnının Qərb kəşfiyyat xidmətləri tərəfindən zəhərlənə biləcəyinə eyham vurur.  

Xatirə SADİQ