Baş nazir Tehrandan jurnalistin azad edilməsini tələb edib

İtaliyanın baş naziri Corca Meloni italiyalı jurnalist Sesiliya Salanın azad edilməsini İrandan tələb edib. 

Dec 29, 2024 - 10:49
Baş nazir Tehrandan jurnalistin azad edilməsini tələb edib

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “dpa” məlumat yayıb. 

İtaliyanın baş naziri deyib ki, o, jurnalisti mümkün qədər tez evinə qaytarmaq istəyir.

Qeyd edək ki, “İl Foglio” qəzetində çalışan və podkast aparıcısı olan 29 yaşlı jurnalist dekabrın 19-da Tehranda polis tərəfindən həbs edilib. O, bir həftədən artıqdır Tehranın bəlalı Evin həbsxanasında saxlanılır. 

Sala dekabrın 20-də İtaliyaya dönməli idi. Hələlik onun nədə ittiham olunduğu məlum deyil. Bir neçə dəfə İrana səfər edən Sala bu ölkə üzrə mütəxəssis hesab olunur. 

İtaliya rəsmiləri bildiriblər ki, Salanın qaldığı indiki müddət ərzində İranda işləmək üçün jurnalist vizası olub.

İtaliya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Sala yalnız bir dəfə anasına, ikinci dəfə jurnalist olan partnyoruna zəng edə bilib. Partnyoru ilə söhbətində yaxşı olduğuna əmin edib. İtaliya tərəfi isə hesab edir ki, jurnalistin açıq danışa biləcəyinə dair şübhələr var.

İtaliyanın İrandakı səfiri cümə günü həbsxanada jurnalistə baş çəkə bilib.

Bundan öncə İtaliya XİN bildirmişdi ki, jurnalist Tehranda reportaj çəkərkən saxlanılıb. Nazirlik əlavə etmişdi ki, Salanın hüquqi statusunu aydınlaşdırmaq və saxlanma şəraitini yoxlamaq üçün İran hakimiyyəti ilə əməkdaşlıq edir.
 
Xatirə SADİQ