“Putinin narrativləri Vaşiqtonu maraqlandırmır” - ABŞ dövlət katibi

“Vladimir Putinin Ukraynadakı “müharibənin ilkin səbəbləri” haqqında narrativləri ABŞ-ni qətiyyən maraqlandırmır”. 

Aug 18, 2025 - 16:17
“Putinin narrativləri Vaşiqtonu maraqlandırmır” - ABŞ dövlət katibi

SAVASHMEDİA.az xəbər verir ki, bunu CBS News telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.

“Müharibənin ilkin səbəbləri altında o, (Putin) bizim dəfələrlə eşitdiyimiz uzun tarixi şikayətləri nəzərdə tutur. Bu, yeni arqument deyil, o, bu barədə çoxdan danışır və bu, Qərbin hücumu haqqında arqumentdir. Mən bu barədə danışmaq istəmirəm, bu, həddindən artıq uzun alınar. Biz bunun üzərində köklənməyəcəyik”, - deyə Rubio vurğulayıb.

Dövlət katibi əlavə edib ki, müharibənin əsl ilkin səbəbi Putinin Ukraynanı soxulması olub, Vaşinqton isə öz işini döyüşləri dayandırmaqda görür.

“Əgər bu barədə ciddi danışılsa, hər iki tərəf nədənsə imtina etməli və hər iki tərəf nəsə qazanmalıdır. Bu isə çox çətindir”, - deyə Rubio diqqətə çatdırıb. 

Qeyd edək ki, Putin əvvəllər iddia edirdi ki, Ukrayna “geniş ərazilər” alan süni  yaradılmış dövlətdir. Müharibə ərəfəsində o, bildirirdi ki, Ukrayna 1922-ci ildə Vladimir Lenin tərəfindən yaradılıb, 2024-cü ilin fevralında amerikalı jurnalist Taker Karlsenə müsahibəsində isə Ukraynanın Stalin tərəfindən yaradıldığını söylədi.

Ukrayna kəşfiyyatının məlumatına görə, Putin Trampla görüşə, onun fikrincə, Ukrayna dövlətçiliyinin süni mahiyyətini sübut edən bəzi materiallar gətiribmiş. 

Xatırladaq ki, şovinist mahiyyətli Rusiya siyasətçiləri əvvəllər də Qarabağın bizim ərazimiz olmadığına dair sayıqlamaları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışırdılar. Lakin Azərbaycan ordusu öz qətiyyətli Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağı erməni-rus işğalçılarından azad etdikdən sonra Putin özü Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf etməyə məcbur oldu.  

Xatirə SADİQ