QADIN və KİŞİ – Anlatma

Qədim (XX əsr) lətifədə soruşulur:

Jul 9, 2025 - 16:16
QADIN və KİŞİ – Anlatma

– Kişi ağıllıdır ya qadın?

– Əlbəttə, qadın. O, heç vaxt kişi ilə onun ayaqlarının qəşəng olduğuna görə ailə qurmur.

Sonra deyəcəklərimin hamısı fakta və məntiqə əsaslanıb. İndi isə ürəyimdəkini deyim: qız uşaqlar şeytan olurlar.

Oğlanların qızlarla rəqabəti körpəlikdən başlayır. Və qızlar liderliyi ələ keçirirlər. Uşaq bağçasında, aşağı siniflərdə oğlan çox vaxt “yuxulu” olur. Qız həvəslə nəğmə oxuyur, rəqs edir. Oğlan isə uzun müddət qərara ala bilmir ki, onun hansı tərəfində dursun: sağında, solunda ya arxasında... Nəinki məktəbin aşağı siniflərində, sonradan da əlaçı qızlar əlaçı oğlanlardan çoxdur. Bu rəqabət, yarış nə vaxtsa sanki Ayın arxasına – görünməyən tərəfinə keçir və oradan qayıdanda görürsən ki, “möcüzə” baş verib: oğlanlar irəlidədirlər. Hər sahədə!

Bütün məsələləri demirəm, amma qadın və kişi yanaşıdurmasında (! Yeni söz – al, yaşat!) vacib şərt – kütləviliklə fərdiliyi düzgün fərqləndirməkdir. Məsələn, qızlar musiqi məktəbinə daha çox gedirlər, konservatoriyaya da çox vaxt daxil olurlar. Amma ən nüfuzlu beynəlxalq müsabiqələrdə kişi pianoçu və ya skripkaçı qalıb gəlir.

Demək olar hər evdə mətbəx plitəsinin qarşısında qız, qadın durur. Ata evində, ər evində, yeməkxanada məhz belədir. Lakin dünyanın ən məşhur aspazları yenə kişilərdir.

Hər qız, qadın əlinə nə vaxtsa iynə-sap alır. Kişilər haqqında bunu demək olmaz. Küçədən keçəndə “Dərzi” sözü yazılmış atelyelərə bax. Pəncərədən görəcəksən ki, içəridə işləyən – qadındır. Bəs xəbərin vardırmı dünyanın dərzi kralları, ulduz modelyerlər kimdir? Kişilər!

Kişilər ən yaxşı qadın dəlləyi, qadın xəstəlikləri həkimi, ginekoloq, akuşerdir.

Qadınlardan çox yalan danışan yoxdur, amma ən böyük, hətta dahi yalançı yenə kişidir. Dinləri uyduranlara baxmaq kifayətdir ki, bunu başa düşəsən. Fokus göstərənlər, illüziyaçılar. Kişilər yalanı adi məişət səviyyəsindən peşəkarlığa qaldırıblar.

Kişilərin daha yüksək peşəkarlığı göz qabağındadır. Ədəbiyyatda, incəsənətdə, mədəniyyətin hər sahəsində kişi cinsi liderdir. Tarixdə ən yaxşı – möhtəşəm, fenomenal rəssam, yazıçı, aktyor, bəstəkar, rejissor, dirijor – kişidir.

Qısqanmaq qətiyyən lazım deyil! Biz oğlan uşaqlarından, kişilərdən qadına hörmət tələb edərkən onu göstəririk ki, qadın anamız, bacımız, arvad və qızımızdır. Eyni ilə qız da bilməlidir ki, oğlan, kişi – ata, qardaş, ər, oğul, nəvə və nəvələrimizin atasıdır. Üstəlik, qalib əsgərdir, Vətənin, suverenliyimizin müdafiəçisi, xilaskarıdır. Qarabağ zəfərindən nə qədər vaxt ötsə də, hazırkı nəsillər üçün bu qələbə öz aktuallığını itirməyəcək!

Qadınlar bir məsələdə mübahisə etmir – kişilərin fiziki üstünlüyünü danmırlar. Qadın var, yüz kişidən bərk qaçar, on kişini büküb altına basar – yəni döyüb əzişdirər. Amma ən güclü qadın idmançını həmin sahədə ən güclü kişi ilə yarışa buraxsan... Qadın heç bir növdə qalib gəlməz! Onları toqquşdurmağa qətiyyən ehtiyac yoxdur. Hərənin rekord göstəricisini kağız üzərində müqayisə etmək bəsdir.

Bu yerdə ən mübahisəli iki məqama yaxınlaşdıq. Əslində, onlar da mübahisəli deyil, aşkardır. Lakin qadınlar höcət etməsələr xəstələnərlər axı...

Kim daha ağıllıdır. Bu məsələdə də obyektiv parametrlər var. Aparıcı müəllimlər, dosent və professorlar, elmlər namizədləri və doktorları, ixtiraçılar, nəhayət, Nobel mükafatı laureatları – bunlar obyektiv göstəricilərdir. Bəs ən intellektual idman növü sayılan şahmatda kimdir şəksiz lider – yenə kişilər. Kişilərin yarışına buraxılan qadın şahmatçı artıq “əjdaha” hesab olunur.

Bütün bu vaxt ərzində mətni yavaş-yavaş deyirdim ki, qadınlar yazmağa çatışsınlar. İndi isə kulminasiya: kim daha gözəldir – qadın ya kişi? Bilirəm, qadınlar həqiqəti deməkdən imtina edəcəklər. Deməyin. Mən danışım – dinləyin.

Gözəl görünmək (olmaq yox) üçün qız, qadın ənlik-kirşana həyatı boyu ətək-ətək, külli miqdarda pul tokür. Kişilər başa düşsələr ki, bu sərvət batıb – möhkəm pərişan olarlar. Amma söhbət puldan getmir. Təbii gözəllikdən danışıram. Tovuz quşunun erkəyi dişisindən gözəldir. Xoruz toyuqdan yaraşıqlıdır. Aslana yalı bəzəkdir. Bu müqayisələr sırasını özün davam etdir. Mənim isə sənə bircə sualım var: kişi ilə qadın təbiətin tərkib hissəsi deyilmi?

A.ƏZİZ