Qapı dirəyindən şikayətləndi - Qurbanovdan məğlubiyyət şərhi
"Çox danışmaq olar. Sadəcə futbolda diqqətsizlik edəndə qapında belə qollar görürsən. Xüsusən də 2-ci qol zamanı edilən səhvi Kevin Medinadan gözləmirdik".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a 1:4 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
Mütəxəssis görüşdən dərhal sonra "CBC Sport"a açıqlamasında hesabın oyuna görə olmadığını söyləyib:
"Kevinə deyiləcək iradım yoxdur. Çünki bu, texniki səhvdir. 2-ci qoldan sonra futbolçularda ruh düşkünlüyü oldu. Ona görə də 3-cü qolu buraxdıq. 3-cü qoldan sonra isə oyunumuz dağıldı. İstədiyimiz kimi olmadı. Matçın sonlarına yaxın özümüzə gəldik. İnanın ki, futbolçularımdan çox razı qaldım. Məncə, hesab oyuna görə deyildi. İlk hissədə, 2-ci hissədə çoxlu qol epizodlarımız oldu. Nə qədər zərbəmiz qapı dirəyindən geri qayıtdı. Sadəcə rəqib futbolçuların ustalığı belə nəticəyə səbəb oldu".
O, "Qarabağ"ın qarşıda 3 oyunu var. Pley-offa adlamaq üçün ən az 7 xal toplamalıyıq. Bu mümkün olacaqmı" sualına belə cavab verib: "Bilmək olmaz ki, 7 xal toplamaq lazımdır, ya yox. Bəlkə daha az xal bizə kömək edə bilər. Bu futboldur. Sonadək mübarizə aparacağıq. Avropada futbol sürətlə inkişaf edir. Belə böyük klublar daha aktiv, diqqətli oynayırlar. Bu gün onlar bizim hər bir futbolçumuzu analiz edirlər. Bu, həm xoşdur, həm də yox. Hər bir halda azarkeşlərimizə təşəkkür edirəm. Məncə, onlar üçün də maraqlı oyun oldu".