“Qərb gözünü qaçırdır” – Ukraynanın baş kəşfiyyatçısı məyusdur
Ukraynaya hücum etmək üçün istifadə edilən Rusiya raketləri və dronlarında Qərb ölkələrinin komponentlərinə rast gəlinir.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov deyib.
Onun sözlərinə görə, baş verənlərə görə Qərb “gözünü qaçırdır”.
“Bu raket və ya dronlardan hər hansı birini açsanız, özünüz görərsiniz ki, onlar Qərb komponentləri ilə doludur. Şirkətlər deyə bilər ki, Rusiyaya heç nə satmırlar, sadəcə hansısa vasitəçilərə satırlar. Amma bu, həmin hissələrin Rusiyaya böyük həcmdə çatdırılması faktını dəyişmir”, - Budanov bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəhbəri Qərb texnologiyaları nümunələrinin Rusiyaya davamlı satışından məyus olduğunu söyləyib. O, qeyd edib ki, indiyədək bu məsələdə heç bir dəyişiklik baş verməyib.
Onun sözlərinə görə, Qərb komponentləri olan raketlər fabriklərdən anbarlara göndərilmir, Ukraynanı vurmaq üçün dərhal cəbhə xəttindəki konkret bölmələrə çatdırılır.
Budanov hesab edir ki, Kremlin Ukraynaya hücum imkanlarının qarşısını almağın yeganə yolu yarımkeçiricilərin Rusiyaya axınını dayandırmaqdır.
Xatirə SADİQ