Rusiya Akkuyu AES-in tikintisini başa çatdıra bilməyəcək
ABŞ sanksiyaları və “Rosatom”un maliyyə problemləri Türkiyədə Akkuyu AES-də işin aparılmasını ləngidir.
SAVASHMEDİA.az bu barədə “Yeni Şafak” nəşrinə istinadən xəbər verir.
“İlk reaktorunun bu ilin sonunadək istismara verilməsi planlaşdırılan Akkuyu AES-in tikintisi üzrə podratçı “Rosatom”da maliyyə problemi var. Şirkətin layihə üçün ayırmalı olduğu təxminən 7 milyard dollar hələ də alınmayıb”, - nəşr qeyd edir.
Məlumata görə, maliyyə çətinlikləri səbəbindən Akkuyu AES-in personalı 35 mindən 12 minə endirilib. 14 min rusiyalı fəhlədən 10 mini maaşların gecikdirilməsi səbəbindən Rusiyaya qayıdıb. İnşaatçıların əhəmiyyətli bir hissəsi ödənişsiz məzuniyyətə göndərilib. Qalan işçi heyəti birinci reaktorun tikintisinə aparılıb.
“Nefes” nəşri qeyd edib ki, Akkuyudakı rusiyalı personal son iki ayda maaş almayıb və əvvəllər iş şəraiti ilə bağlı etiraz aksiyaları keçirib: “Yanvar ayında “Akkuyu”da çalışan işçilər düşərgədəki həyat şəraitinin pis olmasına, qida məhdudiyyətlərinə və isti suyun olmamasına etiraz edərək rəhbərliyin istefasını tələb ediblər”.
Hər iki nəşr Rusiyanın layihədəki 49% payını satmaq imkanını nəzərdən keçirdiyinə diqqəti cəlb edib:
““Rosatom” maliyyə problemlərini aradan qaldırmaq üçün Akkuyu AES-dəki 49 faiz payının satışı ilə bağlı danışıqlar aparır”.
Xatirə SADİQ