Şam yeməyində söz dueli: III Çarlz Trampı belə susdurdu - DİALOQUN TAM MƏTNİ
Donald Tramp ABŞ-də rəsmi səfərdə olan Böyük Britaniya kralı III Çarlzın şərəfinə şam yeməyi verib.
SAVASHMEDİA.az bildirir ki, mərasim liderlərin səmimi ünsiyyəti və zarafatları ilə yadda qalıb. Trampın Avropa ilə bağlı səsləndirdiyi fikirlərə III Çarlzın yumor qarışıq kinayə ilə verdiyi cavab isə şam yeməyinə damğa vurub.
Belə ki, Tramp çıxışlarında dəfələrlə İkinci Dünya müharibəsinin ABŞ-nin sayəsində qazanıldığını bildirib. O qeyd edib ki, əgər ABŞ olmasaydı, bütün Avropa indi alman dilində danışırdı.
Çarlz isə vaxtilə İngiltərə və Fransanın Şimali Amerikadakı müstəmləkə mübarizəsinə işarə edərək Trampa onun öz tərzində reaksiya verib:
“Əgər biz olmasaydıq, siz indi fransızca danışırdınız”.
Çarlz çıxışında D.Trampın Ağ Evdə apardığı təmir işlərinə də toxunub. O, ingilislərin Ağ Evi yandırdığı (hadisə 1812-ci ildə başlamış ABŞ-Britaniya müharibəsi çərçivəsində baş verib. 1814-cü ilin aqustunda britaniya qoşunları ABŞ-nin paytaxtı Vaşinqtonu ələ keçirərək bir çox dövlət binalarını, o cümlədən Ağ Evi və Kapitolini yandırıblar. Buna səbəb həmin vaxt Britaniya müstəmləkəsi olan Kanadaya ABŞ-nin həyata keçirdiyi hücumlar olub) hadisəni xatırladaraq "Biz də öz dövrümüzdə daşınmaz əmlak inkişafı layihəsinə cəhd etmişdik" deyib.
Kral həmçinin “Boston çay qonaqlığı” ilə hazırki şam yeməyini müqayisə edərək aradan keçən illər ərzində ABŞ-də inkişafın olduğunu bildirib.
Qeyd edək ki, ABŞ tarixinə düşən məşhur “Boston çay qonaqlığı” hadisəsi 1773-cü ildə Boston şəhərində baş verib. Həmin vaxt ABŞ B.Britaniyanın müstəmləkəsi olub. Britaniya hökuməti çay üzərindən ABŞ-yə ağır vergi qoyub. Buna etiraz edən kolonistlər Britaniya parlamentində nümayəndələri olmadan vergi verməyəcəklərini bildiriblər.
Etiraz əlaməti olaraq limanda Britaniyaya gedəcək çay dolu gəmilərə minərək yüzlərlə sandıq çayı dənizə töküblər. Bu hadisə ABŞ-nin İnqilab Müharibəsinə gedən yolunun başlanğıcı olub. Hadisədən 3 il sonra- 1776-cı ildə Amerika İstiqlal Bəyannaməsi ilə öz müstəqilliyini elan edib. B.Britaniya 1783-cü ildə ABŞ-nin müstəqilliyini tanıyıb.
Vəsilə İBRAHİM