Gürcüstan parlamentinin ilk iclasına səfirlər dəvət olunmadı

Gürcüstanın hakim partiyası yeni seçilmiş parlamentin noyabrın 25-də keçiriləcək ilk iclasına xarici səfirləri dəvət etməmək qərarına gəlib. 

Nov 22, 2024 - 13:57
Gürcüstan parlamentinin ilk iclasına səfirlər dəvət olunmadı

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə spiker Şalva Papuaşvili məlumat verib.

Papuaşvili bu addımı bütövlükdə seçkilərə “əcnəbilərin qeyri-düzgün təsirinin minimuma endirilməsi” ilə izah edib. 

“Parlamentin ilk iclasına hökumət üzvləri, eləcə də konstitusiya orqanlarının  nümayəndələri dəvət olunub. Səfirlərə gəlincə, onlar ilk görüşə dəvət edilmir, çünki bu, bizim dövlətdaxili məsələmizdir. Səfirlərin və ya digər ölkələrin bu prosesə cəlb edilməsinin məcburi olmaması vacibdir. Gürcülər başa düşməlidirlər ki, bunlar ölkənin işidir. Bu, gürcü xalqının bayramıdır və gürcü xalqı öz parlamentinin ilk iclasını qeyd etməlidir”, - deyə Papuaşvili vurğulayıb.

Gürcüstanın kütləvi informasiya vasitələri bu xəbəri misli-görünməmiş hadisə kimi qiymətləndirib. “Gürcüstanın müasir tarixində parlamentin ilk iclaslarında həmişə tərəfdaş ölkələrin səfirləri iştirak ediblər”, - deyə media vurğulayıb. 

Xatırladaq ki, “Gürcü Arzusu” rəsmi nəticələrə görə parlamentdəki 150 yerdən 89-na malikdir.

ABŞ və Avropa İttifaqı ölkələri (Macarıstan və Slovakiya istisna olmaqla) “Gürcü arzusu” hakim partiyasını parlament seçkilərindəki qələbə münasibətilə təbrik etməyib.
 
Müxalifət və prezident Salome Zurabişvili kütləvi saxtakarlığın baş verdiyi iddia edərək yeni seçkilərin keçirilməsini tələb edirlər. Baryeri aşan dörd müxalifət partiyasının hamısı mandatlarından imtina edəcəklərini bildiriblər. 

“Gürcüstan naminə” partiyanın lideri Giorgi Qaxaria xarici diplomatları parlamentə legitimlik verməmək üçün ilk iclasda iştirak etməməyə çağırıb. 

Xatirə SADİQ