11 yaşlı qız 10 ildən sonra tapıldı – Qəzzada
10 il əvvəl “İslam Dövləti” terror təşkilatının silahlıları tərəfindən İraqdan qaçırılan qız Qəzza zolağından xilas edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” və CNN məlumat yayıb.
Bildirilib ki, hazırda 21 yaşında olan Favzia Amin Sidonun xilas edilməsi əməliyyatı 4 ay davam edib. Əməliyyatda İsrail, ABŞ və İraq iştirak edib.
Qızı qaçıran şəxs Qəzza zolağında müharibə zamanı öldürülüb. Sonra qız gizləndiyi yerlərdən birinə qaçaraq oradan kömək istəyib. Fevzia İsrailə deportasiya edildikdən sonra İordaniyaya yola salınıb, oradan isə İraqdakı ailəsinin yanına qayıdıb.
Məlum olub ki, gənc qız İraq və Suriyada yaşayan qədim yezidi dini azlığına mənsubdur. Qızın 11 yaşı olanda İŞİD döyüşçüləri tərəfindən qaçırılıb. Sonrakı illərdə Fevzia bir neçə ölkədə müxtəlif yerlərə aparılıb.
Hadisə 2014-cü ildə “İslam Dövləti” İraqın şimalında yerləşən Sincar şəhərini ələ keçirən zaman baş verib. Terrorçular minlərlə yezidi kişi və oğlanı edam edib, qadın və qızları zorlayıb, 6000-dən çox yezidi qaçırıblar. Əsirlərin bəziləri cinsi köləliyə satılıb, digərləri isə “əsgər” kimi xaricə aparılıb. BMT bunu soyqırım kimi tanıyıb.
İraq hakimiyyətinin məlumatına görə, 10 il ərzində 3500-dən çox insan xilas edilib, lakin təxminən 2600 nəfər indiyədək itkin düşmüş hesab olunur.
Xatirə SADİQ