90 fələstinli azadlığa buraxıldı – İsraildə
İsrail dövləti 90 nəfər fələstinli məhbusdan ibarət ilk qrupu azad edib.
SAVASHMEDİA.az “Times of Israel” və “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail Həbsxana Xidməti məlumat yayıb.
Bu addım Qəzza zolağında müvəqqəti atəşkəs haqqında Fələstinin “HƏMAS”qruplaşması ilə əldə olunan razılaşma çərçivəsində baş tutub.
İsrail təhlükəsizlik qüvvələri və “Qırmızı Xaç” nümayəndələri onları sərbəst buraxılmaqdan əvvəl hər bir məhbusun kimliyini yoxlayıb və tibbi müayinədən keçirib.
“France-Presse” agentliyi yazıb ki, bir qrup insan azad edilmiş məhbusları daşıyan avtobusları Beytuniyadakı Ofer hərbi həbsxanası yaxınlığında alqışlarla qarşılayıb. İsrail hakimiyyəti tərəfindən azad edilənlər arasında 69 qadın, 12 kişi, səkkiz yeniyetmə oğlan və bir yeniyetmə qız var. Onlardan 78-i İordan çayının qərb sahilinin, 12-si Şərqi Qüdsün sakinləridir.
Bundan öncə onların 2023-cü il oktyabrın 7-dən sonra, əsasən, sosial şəbəkələrdə israillilərə qarşı zorakılıq çağırışlarına görə saxlanıldıqları bildirilmişdi.
Qeyd edək ki, müqavilə çərçivəsində bir gün əvvəl 2023-cü il oktyabrın 7-də cihadçılar tərəfindən İsraildə əsir götürülən üç girov – 24 yaşlı Romi Qonen, 28 yaşlı Emili Teila Damari və 31 yaşlı Doron Şteynbreher azad edilib. Onlar İsrailə gətiriblıib və ailələrinə qovuşublar. İsraildə əhali “HƏMAS”ın bir ildən artıq saxladığı girovların azad edilməsini alqışlamaq üçün küçələrə axışıb.
Xatırladaq ki, Qəzzada döyüşlər 2023-cü il oktyabrın 7-də “HƏMAS” əsgərlərinin İsrailin cənubuna qəfil hücum edərək, 250-yə yaxın adamı girov götürdükdən sonra başlayıb. Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə İsrail və “HƏMAS” arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı müqavilə bağlanıb. İsrail yanvarın 19-da yerli vaxtla saat 11:15-dən etibarən Qəzza zolağında atəşkəs elan edib.
Xatirə SADİQ