“Qərb Gürcüstanla bağlı öz araşdırmasını aparacaq” – ABŞ Dövlət Departamenti
“Birləşmiş Ştatlar ümid edir ki, Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərindəki saxtakarlıqlar barədə məlumat verə biləcək”.
SAVASHMEDIA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.
“Gürcüstanda görünür, qanunu pozanları yox, nəticələri mübahisələndirən prezidenti araşdırmağa başlayıblar” replikasını atan jurnalistə Miller belə cavab verib: “Prezidentin əvəzindən danışmağı özümə rəva görə bilmərəm. Amma mənim başa düşdüyüm odur ki, o, qanun pozuntuları barədə məlumatı olduğunu bəyan edib. Ona görə də ümid edirəm ki, o, Gürcüstan hakimiyyəti və ya başqa kimsə tərəfindən aparılan istənilən araşdırma üçün əhəmiyyət daşıyacaq məlumatı təqdim edə bilər”.
Sözçü nəzərə çatdırıb ki, Gürcüstanda başlanan araşdırma yeganə araşdırma olmayacaq, Qərb öz tədqiqatının aparılmasını planlaşdırır: “Avropa İttifaqındakı həmkarlarımızla başqa hansı araşdırmaların məqsədəuyğun ola biləcəyi ilə bağlı məsləhətləşirik”.
Miller vurğulayıb ki, Gürcüstanla münasibətləri nəzarət altında qalır. O xatırladıb ki, ABŞ bu ilin əvvəlində Tbilisiyə 95 milyon dollardan çox yardımı dayandırıb: “Göstərdiyimiz digər yardımlar nəzarət altında qalır”.
Xatırladaq ki, Gürcüstanın Baş Prokurorluğu oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının sorğusu əsasında parlament seçkilərində baş verə biləcək saxtakarlıqlarla bağlı araşdırmaya başladığını elan edib. Komissiya Zurabişvili və digər müxalifət siyasətçiləri də daxil olmaqla, çoxsaylı saxtakarlıq iddialarına yenidən baxmağa çağırıb.
Zurabişvili istintaq orqanına gəlməkdən imtina edib. O qeyd edib ki, sübut toplamaq prokurorluğun işidir. Eyni zamanda, prezident baş verənləri açıq-aşkar siyasi proses adlandıraraq, istintaqın ona qarşı yönəldiyini göstərib.
Xatirə SADİQ