Qətliamın sirri açılır? – İsa Arasın anası ilk dəfə DANIŞDI
Kahramanmaraşda məktəbdə silahlı insident törədən İsa Aras Mersinlinin cinayət işi ilə bağlı yeni detal açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, istintaq fayllarından əldə olunan məlumata görə, hadisənin baş verdiyi məktəbin müəllimi, psixoloq-pedaqoqu Ejder.İ. İsa Arasın ailəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışıb.
Müəllimin məqsədi İsa Arasın gündən-günə pisləşən psixoloji durumu, məktəbdəki davranışları, özünə davamlı xəsarət yetirməsi ilə bağlı ailəni məlumatlandırmaq və bu vəziyyətdən birgə çıxış yolunu axtarmaq olub. O, İsa Arasın anası Pınar Peyman Mersinli ilə danışmağa dəfələrlə cəhd edib. Lakin ana bu barədə danışmağı hər dəfə rədd edib. Yalnız bir dəfə telefona cavab verib. Onda da oğlunun həddindən artıq zəkalı olduğu üçün məktəbdəkilərlə uyğunlaşa bilmədiyini deyərək, zəngi sonlandırıb.
“Həddindən artıq zəkalı” ifadəsi həm İsa Arasın kompüterində tapılan qeydlərində (“Mən bir dahiyəm. Hamıdan əlayam. Ən üstün insanam. Özümə sadiqəm. Mən daha əlayam. Həddindən artıq zəkalıyam. 130 IQ-um var. Heç dərs oxumadan həmişə yüksək qiymətlər almışam”), həm də atası Uğur Mersinlinin ifadəsində (“Oğlum internetdən istifadəni əla bilirdi. Özü də həddindən artıq zəkalı, dərrakəli uşaq idi. İngilis dilini ana dili kimi bilirdi”) öz əksini tapıb.
Qeyd edək ki, hadisədən sonra İsa Arasın anası Pınar Peyman Mersinlinin ifadəsi alınıb. Daha sonra o, sərbəst buraxılıb.
Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə qətliam törədib. Nəticədə, 8-i şagird, biri müəllim olmaqla 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Lakin onu zərərsizləşdirən şəxslərin polisə təhvil verdiklərində sağ olduğunu demələrindən və nəşinin zirehli maşınla aparılmasından sonra İsa Aras Mersinlinin sağ olduğu iddiaları yayılıb. Türkiyə Prezident Administrasiyası isə iddiaları qəti şəkildə təkzib edərək, cinayətkarın öldüyünü və 16 apreldə dəfn olunduğunu açıqlayıb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli saxlanılıb.
Banu