Sevgilisini öldürən iş adamı məhkəmədə özünü dəliliyə vurdu? - "Dinə gətirirdim..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, ötən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamam otağındakı vannada aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. Uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsiri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Müttəhim barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib. Məhkəmədə Emil Ağacanov irəli sürülən ittihamları qəbul etməyib: “Bu cinayət mənə aid deyil. Mən İradəni çox istəmişəm. Hadisə tam yadımda deyil. O, 15 ildən çox mənim yanımda olub. Qohumları da şahiddir ki, ona necə baxmışam. İradə xristian idi, onu dinə gətirərək ailə qurmaq istəmişəm. Bizi ayıran şeytan olub. İradənin içində özü deyildi. İradə gözü korlar üçün ölüb, mənim üçün ölməyib, mənimlə indi də danışır. Onunla yenə də görüşəcəyik”.
Müttəhim bildirib ki, ailəsi olsa da, hər kəsin bir haqqı var: “Mən onu da almaq istəyirdim. Amma müsəlman deyildi deyə ala bilmədim. Onu namaz qılmağa dəvət etdim, kəlmeyi-şəhadəti dedi. Dedim ki, dini qəbul et, evlənək, uşaqlarımız olsun. Dəvətimi qəbul etdi. Amma danışa bilmədik. Mənə bu zaman zəng gəldi, İradə dedi ki, telefona cavab ver, danışaq. Mən də dedim ki, bu, şeytan əməlidir, telefonu sındırdım. Kimin zəng etdiyini görmədim”.
Prokurorun İradə Muiradovanın ölümü ilə bağlı sualına müttəhim “Kim deyir ki, İradə ölüb? O, ölməyib, siz ölüsünüz. Mən onu çox sevirəm”, - şəklində cavab verib. Əlavə edib ki, 17 yaşından dinlə məşğul olub, həmin yaşda da Kərbəla ziyarətinə gedib: “Mən marixuana istifadə etmişəm. Onu kimdən aldığımı xatırlamıram. Əvvəllər İradə ilə davalarımız olmayıb”.
Müttəhim mərhumun hüquqi varisinin də şeytan olduğunu deyib. Bildirib ki, İradə Muradova Maldivdədir.
İradə Muradovanın hüquqi varisi Rəna Muradova ifadəsində bildirib ki, Emil Ağacanovun dediklərinin 80 faizi yalandır: “Bacımla Emilin münasibətləri yaxşı idi. Bizə qonaq gəlmişdilər. Mənim də ona yaxşı münasibətim var idi. Mən bacımın ikinci dəfə evləndiyini bilməmişəm. Bunu protokolu oxuyanda bilmişəm. Bacım Emillə qalmayıb, həmişə anamla qalıb. İradə ölümündən yarım saat əvvəl həyətə düşüb. Sonra bacım da, qatil də yarıçılpaq vəziyyətdə olub. Mən bacımı morqda gördüm. Pis vəziyyətdə idi. Bədənində qançırlar var idi. Onu yuyan qadınlar deyib ki, öləndə zülm görüb. Dırnaqları sındırılmışdı. Görünür, müqavimət göstərib. Bacımın yanına tez-tez gəlirdim. Onu hadisədən 2 gün əvvəl görmüşdüm. Heç bir problem yox idi. Emilin pis söz dediyini heç vaxt görməmişəm. Amma ondan anamın xoşu gəlmirdi. Dəli olması da yalandır. Narkotik qəbul edir. Ondan şikayətçiyəm. O, dəli deyil, narkotik təsiri altında bu hadisəni törədib”.
Qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub. Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.